Ekonomiks 13:33 31.03.2018

Azərbaycanın xidmətlər balansında 3 mlrd. dollardan çox kəsir yaranıb

2017-ci ildə Azərbaycanın xarici dövlətlərlə iqtisadi əlaqələrində 12,8 mlrd. ABŞ dolları dəyərində qarşılıqlı xidmət formalaşıb.

Qaynarinfo Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 8,1 mlrd. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 4,7 mlrd. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir.

Nəticədə xidmətlər balansında 3,4 mlrd. dollarlıq kəsir yaranıb. Bunun 92%-i (təxminən, 3,1 mlrd. dolları) neft-qaz sektoru ilə əlaqədardır, əsasən, təxminən, 2,4 mlrd. dollarlıq tikinti xidmətləri və 900 mln. dollarlıq digər işgüzar xidmətlər hesabına yaranıb.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 16%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 2 mlrd. dollar olan nəqliyyat xidmətlərinin 48%-i qeyri-rezidentlərin Azərbaycanın nəqliyyat sistemindən istifadə etməsi ilə əlaqədardır. Azərbaycanın rezidentlərinin qeyri-rezidentlərə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri 971,4 mln. dollar, qeyri-rezidentlərin Azərbaycan rezidentlərinə göstərdiyi nəqliyyat xidmətlərinin dəyəri isə 1 048,4 mln. dollar təşkil edib. Dövr ərzində qeyri-neft sektoru üzrə nəqliyyat xidmətlərinin ixracı 6% artıb.

Ötən il qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi ötən ilin eyni dövrünə nisbətən 9% artaraq 5,7 mlrd. dollar təşkil edib. Turizm xidmətləri üzrə profisit illik müqayisədə 1,6 dəfə artaraq 353,4 mln. dollar təşkil edib. Bu, Azərbaycana gələn xarici vətəndaşların sayının 20,5% artması hesabına mümkün olub. Hesabat dövründə xarici ölkələr Azərbaycan rezidentlərinə turizmlə bağlı 2,7 mlrd. dollarlıq xidmət göstərib. Bunun 73%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri vəsaitlərin payına düşür.

Hesabat dövründə qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən tikinti xidmətlərinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə azalaraq 35,7 mln. dollar təşkil edib. Qeyri-neft sektoru üzrə qeyri-rezidentlərə ödənilən digər işgüzar xidmətlərin dəyəri isə illik müqayisədə 21% artaraq 769,8 mln.dollar olub.