Siyasət 14:24 28.03.2013

“Azərbaycanla Türkiyə əleyhinə işlər görülür” (AÇIQLAMA)

“Azərbaycana qarşı olan bu haqsızlıqların ABŞ siyasətçiləri tərəfindən tanınması böyük əhəmiyyət kəsb edir”

“ABŞ-da hərbi cinayətlərin, Xocalı şəhərinin məhv edilməsi ilə bağlı  qəbul olunan qətnamələrin əsas səbəbi ABŞ-da öz fəaliyyətini gücləndirən Azərbaycan-türk icmalarının işinin nəticəsidir. Eyni zamanda Azərbaycan parlamenti təkcə federal senatla, konqreslə deyil, bir sıra ştatların konqresləri ilə, senatları ilə də münasibətlərini formalaşdırıb”.

Bunu Qaynar.info-ya Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ABŞ-ın bəzi ştatlarında “31 mart” və “Xocalı Soyqırımı”nın tanınmasından danışarkən deyib. 

Millət vəkili söyləyib ki, Amerika ictimaiyyəti Azərbaycan tarixi ilə bağlı dolğun məlumat aldıqlarına görə bu cür qətnamələr qəbul olunur: "Azərbaycan Amerika ilə tərəfdaşdır, müttəfiqdir. Bizim münasibətlərimiz çoxşaxəli istiqamətdə inkişaf etməlidir. Hesab edirəm ki, Azərbaycana qarşı olan bu haqsızlıqların ABŞ siyasətçiləri tərəfindən tanınması böyük əhəmiyyət kəsb edir. Erməni icmasına gəldikdə isə, bu icmalar çox güclüdür. Həmin icmalar həm Azərbaycan, həm də Türkiyəyə qarşı iş görürlər. Əvvəllər ermənilərin səsi eşidilirdi, amma indi Azərbaycanın gənc dövlətinin təcrübəsinin artması ilə ABŞ ictimaiyyətini kifayət qədər məlumatlandıra bilirik. Amerika bu cür sənədləri qəbul etdikdə ilk növbədə öz maraqlarından çıxış edir".

A.Mollazadənin sözlərinə görə, ermənilər Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılmasının qarşısını almağa çalışırlar: “Erməni lobbisi tərəfindən təpkilər olur. Ermənilərin bir neçə ştatda güclü lobbisi var. Biz Kaliforniya ştatının dəvəti ilə səfər edəndə bunun qarşısını almağa cəhd edirdilər, Azərbaycanla bağlı yalanları yayırdılar. Amma onlar səfərin qarşısını ala bilmədilər. Senatın binasında Azərbaycan bayrağı dalğalandı. Amerika demokratik ölkədir, ABŞ öz təhlükəsizlik maraqlarını Rusiyaya və İrana yaxın icmalara qurban verməz”.

Qeyd edək ki, təkcə mart ayı ərzində  ABŞ-ın bir neçə ştatında Xocalı qətliamı, Nyu-Cersi ştatında isə 31 mart- “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı qətnamələr qəbul olunub.

İlkin
Qaynar.info