Maqazin 18:52 24.08.2019

Azərbaycanlı aktyor rusiyalı rejissorun filmində əsas rolu oynayacaq

Azərbaycanlı aktyor Anar Xəlilov məşhur rusiyalı rejissor Mixail Şevçukun "Mask-E-rad" tammetrajlı filmində çəkilir.

Qaynarinfo Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, film Mixail Lermontovun "Maskarad" pyesi əsasında ekranlaşdırılır.

Rejissor filmin çəkilişi haqqında xəbəri və Xəlilov da daxil olmaqla filmin aktyor heyətinin fotoşəkillərini öz "Facebook" səhifəsində paylaşıb.

Filmin çəkilişi ilə "Mosfilm" kinostudiyası məşğuldur. Anar Xəlilovla yanaşı, Anastasiya Novikova da əsas rolda oynayacaq.

Anar Xəlilov Boris Şukin adına Teatr İnstitutunun məzunudur. O, Rusiyanın xalq artisti Lyudmila Maksakovanın tələbəsi olub. Aktyor azərbaycanlı rejissor İlqar Safatın "İçərişəhər" filmində əsas rolu oynayıb.

Aktyor fəaliyyətindən başqa, Xəlilov həmçinin müxtəlif layihələrdə fotomodel kimi iştirak edir.

Mixail Şevçuk bir sıra film və serialın rejissoru olub. Onların sırasında "Satisfaksiya", "Əsas Kalibr", "Panter", "Nifrət", "Geymerlər", "Bretyör" serialları və "Xronika", "Ada", "Mənimlə rəqs et", "Qaçmaq. Çatmaq. Vurulmaq" və digər filmlər var.