Azərbaycanlı baş məşqçi İndoneziya klubu ilə müqavilə bağladı

Azərbaycanlı baş məşqçi İndoneziya klubu ilə müqavilə bağladı

Bakının "Lokomotiv” voleybol klubunun baş məşqçisi Ziya Rəcəbov karyerasını ölkə xaricində davam etdirəcək. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, 37 yaşlı mütəxəssis İndoneziya komandası ilə danışıqları müsbət yekunlaşdırıb. 

O, ölkəsinin liderlərindən olan qadınlardan ibarət "Cakarta” klubu anlaşıb və 1 mövsümlük müqaviləyə imza atıb. Əvvəlki illərdə amerikalı Loqan Tom, braziliyalı Olimpiya çempionu Marianne Şteynbreher, dominikanlı Betanya de La Kruz kimi ulduzların formasını geyindiyi paytaxt təmsilçisinin qarşısına yenə iddialı çıxış tələbi qoyulub. 

Azərbaycan tarixində İndoneziyada ilk dəfə komanda çalışdıracaq Z. Rəcəbov "Cakarta”dakı işinə dekabrda başlayacaq. O, ölkə xaricinə getdiyi üçün "Lokomotiv”lə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub. 

Qeyd edək ki, Azərbaycan millisinin aparıcı oyunçularından olmuş Rəcəbov daha öncə "Rabitə” və "Telekom” komandalarında çalışıb. O, Azərbaycan tarixində böyük uğur qazanmış klubla Çempionlar Liqasında və Superliqada dəfələrlə mükafatçılar sırasında düşüb. Mütəxəssis ardınca "Azəryol”a baş məşqçi təyin olunub və debütdəcə "yolçəkənlər”i CEV kubokunda üçüncü edib. 

Yığmada da məşqçi kimi çalışmış Rəcəbov onlarla İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub. 
XƏBƏRLƏR
BLOGLAR