Siyasət 21:15 06.06.2013

Azərbaycanlı deputat erməni xalqına müraciət etdi

"Hər kəs anlamalıdır ki, Rusiya regiondan çıxmayınca münasibətlərdə dəyişən heç bir şey olmayacaq" 

Ümid Partiyasının sədri, keçmiş Qarabağ döyüşçüsü, millət vəkili İqbal Ağazadə erməni xalqına müraciət edib.

Ümid Partiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqbal Ağazadə müraciətində son günlər Rusiyanın regiona basqılarının artdığını qeyd edib.

İqbal Ağazadə bildirib ki, Rusiyanın regiona basqıları bir sıra hərəkətlərində, o cümlədən Avrasiya İttifaqının yaranması və  bu istiqamətdə razılıq verməyən dövlətlərə təzyiqlərin fərqli şəkildə həyata keçirilməsi müşahidə olunur: “Ermənistana da bu səbəbdən ciddi təzyiqlər olunur.  Ermənistanda dünən keçirilən mitinqdə “Rusiya, bizim vətənimizdən əlini çək!” şüarları səsləndirilib. Çox sevindirici haldır ki, Ermənistanda da Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və barışın olması üçün düzgün rəyə gələn kifayət qədər insanlar var. Bu səbəbdən mən erməni xalqına müraciət edirəm.  Rusiyanın Ermənistandan çıxarılması, Rusiyanın dominatlığına son qoyulmasına, nəticə ehtibarilə Cənubi Qafqazda sülhün əldə olunmasına, tərəflərin masa arxasında əyləşməsinə, Abxaziyada, Osetiyada, Qarabağda separatçılığa son qoyulmasına, bütövlükdə  BMT tərəfindən  sərhədləri tanınmış dövlətlərin hamısında əmin-amanlığa, sülhün  yaranmasına gətirib çıxaracaq.  Azərbaycan, Ermənistan və Gürcüstan barış əldə etmək üçün özündə kifayət qədər güc tapacaq”.

İqbal Ağazadə vurğulayıb ki, bu gün bizi münaqişələrə cəlb edən, tərəf olmağa sövq edən yalnız Rusiyadır: “Rusiyanın regiondan çıxarılması bizim hamımızın arzu və istəklərimiz daxilindədir. Bu,  yaxın qonşuluq çərçivəsində, barış və sülh içində yaşayan bir coğrafiyanın əsasını qoyacaq. Ona görə də, Ermənistanda hər bir kəs Rusiyanın regiondan çıxarılmasına səy göstərməli, kifayət qədər ciddi mövqe ortalığa qoyulmalıdır. Hər kəs anlamalıdır ki, Rusiya regiondan çıxmayınca münasibətlərdə  dəyişən heç bir şey olmayacaq. Azərbaycan  torpaqlarından əl çəkməyəcək, Ermənistan işğal etdiyi ərazilərdə müstəqil dövlət yarada bilməyəcək. Bu səbəbdən nəticə etibarı ilə regionda barış və sülh olmayacaq. Cənubi Qafqaz  Birliyini Avropa Birliyinə oxşar bir modeldə yeni məkana, yeni müstəviyə çıxarsaq, Cənubi Qafqaz xalqları xoşbəxt, əmin-amanlıq və sülh içində yaşaya biləcəklər. Sülh və barış, Rusiyanın regiondan  çıxması naminə istər Azərbaycan, istər Gürcüstan, istərsə də Ermənistan birgə səy göstərməli, bizi ayıracaq problemlər üzərində deyil , bizi birləşdirəcək məqamlar  üçün  masa arxasında əyləşməli, birinci növbədə bizləri müharibəyə sövq edənləri aradan çıxarmalıyıq. Ermənistan bu istiqamətdə göstərə biləcəyi fayda ilə barış və sülhə ən böyük töhfə verə bilər. Erməni xalqına bir daha səslənirik ki, Rusiyanın regiondan çıxarılması və Cənubi Qafqazda daimi sülhün bərqərar olması  üçün fəaliyyət göstərməkdə davam etsinlər ”.