Maqazin 23:59 07.09.2018

Azərbaycanlı dirijor Fransada beynəlxalq müsabiqənin finalına çıxdı

Azərbaycanlı dirijor Fuad İbrahimov Yevgeni Svetlanov adına Beynəlxalq Dirijorlar Müsabiqəsinin finalına seçilib.

"Report”un Qərbi Avropa bürosu məlumat verir ki, hər il keçirilən bu beynəlxalq müsabiqə bu dəfə Fransanın paytaxtında yerləşən Radio Evində baş tutub.

Finalda dörd namizəd - Fuad İbrahimov, Dmirti Filatov, Wilson NG və Haoran Li çıxış edəcək. Final 8 sentyabr tarixində saat 14.00-17.00 və 18.00-21.00-də Parisin Radio Evində keçiriləcək.

Fuad İbrahimov musiqi təhsilinə 15 yaşında Bakı Musiqi Akademiyasında başlayıb, 2002-ci ildə Azərbaycan Milli Simfonik Orkestrinin artisti kimi fəaliyyət göstərib. O, 2014-cü ildən etibarən Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijorudur.