Foto 16:40 24.05.2019

Azərbaycanlı həkimin reallaşdırdığı cərrahiyyə əməliyyatı canlı yayımlandı (FOTOLAR)

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının (SQ BKH) Otorinolarinqologiya bölməsinin rəisi, Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərovun xroniki polipoz polisinusitli pasiyentin üzərində reallaşdırdığı əməliyyat canlı yayımlanıb. 

"Report" xəbər verir ki, mayın 24-də Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalında "Burunətrafı ciblərin endoskopik cərrahiyyəsi: nəzəriyyə və praktika” adlı təlim kursu keçirilib.

İştirakçıları SQ BKN rəisi Tofiq Tağıyev salamlayaraq, kursun məqsədinin endoskopik burun əməliyyatı barədə mümkün qədər geniş məlumat vermək, endoskopik cərrahi yöntəmlərin əsas məqamlarını izah etmək olduğunu bildirib.

Təlimə 30-a yaxın iştirakçı qoşulub. Niftəli Niftəliyev, İslam Səttarzadə, Nərgiz Həsənli, Əfruz Məsimova, Ceyhun Yusifov, Vüsal Eyvazov, Elnur Əkbərov kimi təlimçi-həkimlərin iştirakı ilə keçən tədbirdə burun və burunətrafı ciblərin anatomiyası, fiziologiyası, əməliyyata göstəriş olan patologiyaları, radiodiaqnostikası haqqında detallı məlumat verilib.

İştirakçılar doktor Elnur Əkbərovun xroniki polipoz polisinusitli pasiyentin üzərində reallaşdırdığı əməliyyatı canlı videobağlantı vasitəsilə izləmək imkanı qazanıblar.

Təlim qarşılıqlı sual-cavab formatında davam edib.

Sonda iştirakçılara sertifikatlar verilib.