Dünya 17:22 16.08.2013

Azərbaycanlı iş adamından 3 milyon tələb edənlər tutulub

Tula vilayətində azərbaycanlı iş adamının girov götürülmüş oğlunu azadlığa buraxmaq müqabilində 3 milyon dollar tələb edən şəxslər həbs olunub. 

APA-nın məlumatına görə, avqustun 4-də Azərbaycan vətəndaşı olan sahibkar hüquq-mühafizə orqanlarına müraciət edərək Moskvanın ali məktəblərindən birində təhsil alan oğlunu naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat verib. Naməlum şəxslər avqustun 4-dən 11-dək sahibkara zəng vuraraq oğlunun azadlığa buraxılması müqabilində 3 milyon dollar tələb ediblər. Bu gün keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Tula vilayətindəki evlərin birində cinayəti törətməkdə şübhəli bilinən 5 nəfər həbs olunub. Onlardan üçün Azərbaycan əsilli Rusiya vətəndaşı, biri Rusiyada müvəqqəti qeydiyyatda olan azərbaycanlı, biri Çuvaşiya vətəndaşıdır. Girov sağ-salamat azadlığa buraxılıb, onun həyatı üçün təhlükə yoxdur. Faktla bağlı cinayət işi başlanıb.

Qaynar.info