Foto 13:29 21.02.2018

"Bollivud"un və "Hollivud"un qapıları üzümüzə açılıb" (MÜSAHİBƏ)

Qaynarinfo-nun bu dəfəki müsahibi kaskadyor, öz diliylə desək, sənətinin ölkəmizdəki rəqibsiz peşəkarı Sain Fərhad Fərmanlıdır.

- Sain Fərhad Fərmanlı... İlk dəfə eşidirəm bu adı. Mənası nədir? 
- Ən yaxşı deməkdir. 

- Nədə ən yaxşı? 
- Azərbaycanda işimdə ən yaxşı. 

- Hansı işdə? 
- Azərbaycanda "Action Academy” təsis etmişik. Bildiyiniz kimi, action özü bir janrdı. Elə akademiyanı yaratmaqda məqsəd də ölkəmizdə action janrını inkişaf etdirməkdir. Bizə qədər də Azərbaycanda kaskadyorlar olub, amma bu sahədə yeganə insanam ki, döyüş səhnələri, döyüşçü-aktyor, kaskadyorluq üzrə beynəlxalq dərəcəli kursları fərqlənmə ilə bitirmişəm. Hətta "Paramount Pictures”in "Oskar” kimi "Taurus” adlı mükafatı var ki, həmin mükafatın təqdimatı gecəsinə də təklif alıb iştirak etmişəm. Elə orada da bir sıra məşhur aktyorlarla, kinomatoqraflarla tanış oldum. Bundan əlavə, "Universal Studios”da təcrübə keçmişəm. Hazırda "Nomad Stunts” beynəlxalq kaskadyorlar birliyinin üzvüyəm və bunun da sayəsində Hollivud, Bollivud və digər dünya filmlərinə təkliflər alırıq. Yəni, daim öz üzərimizdə işləyərək "Sain” olmağa çalışırıq (gülür).



- Neçə ildir bu işlə məşğulsunuz? 
- Peşəkar şəkildə artıq 8 ildir ki, bu işlə məşğulam. 

- İş olaraq sevdiyiniz işlə məşğulsunuz. Bəs qazanc necə, sizi qane edirmi? 
- Mən bu işə başlayanda heç vaxt pul düşünməmişəm. Doğrudur, maddi təminata da insanın ehtiyacı olur. Amma hələ ki, işimə yatırım edirəm. Məsələn, biz Hollivuda dəvət alanda ora gedib-gəlmək və s. kifayət qədər məsrəf tələb edirdi. Hansı ki, mən o pula maşın ala bilərdim, amma etmədim. Kimisi evə, torpağa, qızıla, maşına yatırım edir. Mənim də yatırımım, gələcəyim özüməm. Onu da deyim ki, bundan sonra artıq işin maddi tərəfini də düşünəcəyəm. Çünki buna artıq haqqım var. Şükür ki, əziyyətimizin bəhrəsini də görməyə başlamışıq. Həm Bollivudda, həm Hollivudda qapılar üzümüzə açılıb. 

- Bir az əvvəl dediniz ki, Azərbaycanda action janrını inkişaf etdirməyi düşünürsünüz. Alınacaq sizcə? 
- Demək olar ki, artıq alınır. Hazırda biz bir film üzərində çalışırıq. Action janrında filmdir. Müəyyən qədər yumor da qatmışıq. Ssenari üzərində çox işlənib. Dəfələrlə yazılıb-pozulub. Film ərsəyə gəlsin, bəlkə ondan sonra bir dönüş yarada bilərik. Hazırda bu sahədə ən böyük problem sponsorların action janrı xalqa maraqlı deyil deyərək pul yatırmamasıdır. Halbuki, hər sahənin öz auditoriyası var. Sadəcə, deyərdim ki, Azərbaycanda bu gün bu janrı işləyəcək tək-tük rejissor var. Ona görə də deyirlər bu sahəyə maraq yoxdu. Əgər bizə də normal şəkildə büdcə ayıracaq sponsor tapılarsa, işimizi istədiyimiz səviyyədə təhvil verə biləriksə, onda görərlər ki, actiona maraq bəlkə də digər sahədən üstündür. 



- Hazırda sözügedən filmdən başqa hər hansı layihə üzərində çalışırsınız?
- Qafqazda ilk olacaq bir film üstündə də çalışırıq. Həmin filmdə bizim məşhur idmançıları da görə biləcəksiniz. Düşünürəm ki, bu film də bizə uğur gətirəcək. 

- Bəs həyati sığortnız necə, lazımi səviyyədə təşkil olunurmu? 
- Elə 1-2 gün öncə sığorta şirkətlərinin biriylə danışıqlarımız oldu. Həm özümü, həm də bütün komandanı sığortalamaq istəyirəm. Amma söhbət filmlərdən gedirsə, Azərbaycanda sığortamız ancaq "Ali və Nino” filmində olub. Onu da qeyd edim ki, həmin filmə bizi xaricdən dəvət etmişdilər. Xarici xareoqraflar filmə cəlb olunmuşdu. Əlaqələrimiz də geniş olduğundan razılaşmadan sonra xəbər verdilər ki, hazırlaşın belə bir layihə işləməyə Azərbaycana gəlirik. Elə həmin filmdə də bizim üzvümüz Tural Şirməmmədovun dizi zədələndi və əməliyyatı onlar öz üzərlərinə götürdülər. Ancaq başqa filmlərdə təəssüflər olsun ki, ilkin tibbi yardım qutusu belə olmur. Mən özüm məcbur edirəm ki, heç olmasa təcili yardım maşınları cəlb olunsun. 

- Azərbaycanda özünüzə rəqib görə biləcəyiniz insanlar var?
- Rəqib deməzdim. Bu işi görənlər var. Ancaq bizim kimi bütün döyüş növləri ilə məşğul olanlar yoxdur. Ona görə deyərdim ki, rəqibimiz yoxdur. 

Nərmin Həsənli