Dünya 10:50 30.05.2018

Azərbaycanlı milyarderin menecerləri həbs edildi: İnanılmaz dələduzluq...

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları "Lukoyl" və "Rosneft"in bir neçə menecerini həbs edib.

Qaynarinfo musavat.com-a istinadən xəbər verir ki, əməliyyat ölkənin bir neçə regionunda və eləcə də Moskvada keçirilib.

Məlumata görə, əməliyyat uzun sürən izləmə və araşdırmalardan sonra başlayıb. Təhlükəsizlik xidmətinə məlum olub ki, bu şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrində xüsusi viruslu proqramlar quraşdırlıb. Nəticədə avtomobillərin çəninə göstərildiyindən 7 faiz az yanacaq vurulur.

Əməliyyat nəticəsində, ilk olaraq, "Rosnef- Stavropol"un top-meneceri və "Lukoyl"un bir neçə meneceri yaxalanıb. 

Bundan sonra "Rosneft"dən Oleq Kolpakov, "Lukoyl"dan isə Kovalevski və Yukinski adlı menecerlər də saxlanılıb. Onlar barəsində "mütəşəkkil cinayətkar dəstə yaratmaq" və "külli-miqdarda dələduzluq" maddəsiylə cinayət işi başlanılıb.

Həbslərin davam edəcəyi gözlənilir.

Qeyd edək ki, "LUKoyl" neft şirkətinin prezidenti Vahid Ələkbərovdur.