Nisbətən yeni elm sayılan parapsixologiya elminə münasibət birmənalı deyil. Amma bu elmin zəruriliyi haqqında kifayət qədər elmi sübutlar da var. Bu elm son illərdə Azərbaycanda məşhurlaşmağa başlayıb. Parapsixoloq Cabbar Qurbanov da Sputnik Azərbaycan-a müsahibəsində parapsixologiya elminin incəlikləri və ölkəmizdəki vəziyyəti barədə danışıb.

- Parapsixologiyanı psixologiya ilə səhv salırlar. Bu elmin fərqli xüsusiyyəti nədədir?
- Parapsixologiya "para" və "psixologiya" sözlərindən əmələ gəlib. Psixologiya psixika haqqında elmdir. Parapsixologiya isə psixologiya elmindən daha yüksək səviyyədir.

İnsanın 5 duyğu orqanı var. Parapsixologiyada həmin 5 duyğu orqanının daha yüksək inkişaf etməsi nəticəsində baş verənlərdən danışılır. Bunun üçün insanın bəsirət gözü açıq olmalıdır, çünki həmin bəsirət gözü ilə ətrafı qavrayır. Hətta nəinki indi baş verənləri, keçmişdə və gələcəkdə baş verənləri də duya bilir.

Orta səviyyəli intellektə malik olan hər bir insan da müəyyən müddət məşq etdikdən sonra bəsirət gözünü aça bilər. Amma mükəmməl olması üçün daha çox təhsil almalıdır. Qeyd edim ki, 14 yaşa qədər olan uşaqlarda bəsirət gözü daha tez açıla bilir. Hətta belə uşaqlar qonşu otaqda olan hadisələri görə bilirlər. Bəziləri on barmağında on qələm tutaraq eyni anda on fərqli rəsm çəkə bilirlər.

Amma Azərbaycanda istedadlı uşaqlar çox olsa da, bəsirət gözləri açılmayıb, çünki bunu məşq etdirən şəxslər yoxdur. Körpələrdə bəsirət gözü xüsusilə açıqdır. Buna bariz nümunə kimi körpələrin yuxarı baxaraq gülümsəməsini, bəzən də ağlamasını göstərmək olar.

- Körpələr nə görürlər?
- Onların çoxu fiziki bədənləri olmayan, lakin energetik varlıqları olan, səmada uçuşan pərilərdir. Eyni zamanda, körpələr mələkləri də görə bilirlər. Hətta onlarla oynayırlar və fikrən ünsiyyətdə olurlar. Hətta alimlər sübut edirlər ki, yaxın 30-40 il ərzində insanlar bir-biri ilə süur vasitəsilə ünsiyyətə girə biləcəklər. Yəni kəlmə kəsmədən bir-birinin düşündüklərini anlaya biləcəklər. Hətta gözə görünməyənləri belə bəsirət gözü vasitəsi ilə görə biləcəyik. Buna səbəb də Yer kürəsinin orbitindən 1 dərəcə çıxmasıdır.

- Parapsixoloqlar fala da baxırlar. Bu elmdir, yoxsa falçılıq?
- İnsan doğulanda onun şərti xəritəsi cızılır. Amma digər hadisələr insanın öz əlindədir. Yəni insan istərsə, bəlalardan qurtula bilər, xəstəliklərini müalicə edə bilər. Parapsixologiyanın bir qolu da əl cizgilərini oxuyaraq yol göstərməkdir. Bu fal deyil, elmdir.

- Bir çox elmlər, hətta din də parapsixologiyanı qəbul etmir…
- Bəli. Çox ölkələrdə bu elmə qarşı inamsızlıq var. Buna səbəb bəsirət gözünün bağlı olmasıdır. İnsanlar gözlə gördüklərinə inanırlar. Bilmək lazımdır ki, bizim görmədiklərimiz gördüklərimizdən milyon dəfə çoxdur.

- Cin varmı? Parapsixologiya bunu qəbul edir?
- Əlbəttə, var. Hətta ən təhlükəlisi İblisdir. Bu varlıqlar ilə yanaşı damdabaca, pərilər, mələklər və başqa varlıqlar mövcuddur. Onu da qeyd edim ki, ruhlar və cinlər insanın ruhuna girə bilir. İnsanın aurası var ki, bu, onu ətrafdan qoruyur. Həmin təbəqə zəifləyib bir hissəsi dağılanda, ruh və ya cin insanın cisminə daxil ola bilir və fəsadlar yaradır.

- İnsanın adının onun ömrünə təsiri var?
- Bəli. Ad seçərkən diqqətli olmaq lazımdır. Xüsusilə cavan yaşda fəciəvi şəkildə ölən insanların adını körpələrə qoymaq olmaz. Ən yaxşı halda, ancaq iki nəsil sonra o adı qoymaq olar. Çünki həmin adda ölən insanın enerjisi qalır və körpəyə də keçir.

- Özünüz belə məxluqları görmüsünüz?
- Bizim evdə neçə illərdir damdabaca yaşayır. 20 ildən çoxdur bizim evdə qalır. Hətta başqa evə köçəndə bizimlə bir gedib. Ailəmiz artıq onların səslərinə öyrəşib. Amma qonaq gələnlər bunu görəndə qorxurlar. Mən özüm də kölgə kimi görmüşəm. Balaca və bir az da tüklüdürlər.