Ekonomiks 22:26 03.06.2018

Azərbaycanlılar niyə pul yığa bilmirlər? - Az gəlir, çox xərc…

Araşdırmalara görə, Azərbaycan əhalisi bu gün pulunu daha çox ərzaq məhsullarına sərf edir. Bu faktdır. Son illər ölkədə dolanışıq səviyyəsi xeyli aşağı düşüb. İki dəfə baş verən devalvasiyadan sonra ölkədə ümumi bahalaşma baş verdi. Gündəlik tələbat olan ərzaq məhsullarının qiyməti "kəllə-çarxa” qalxdı. Bu əsnada geyim və digər xidmət sahələrində də qiymət artımları oldu. Bir sözlə əhalinin yaşayış səviyyəsi xeyli aşağı düşdü. Sosial-iqtisadi durumun çətinliyi daha çox az maaşlı ailələrə toxundu. Həmin çətinlik indi də davam edir.

Əgər əvvəllər insanlar qazandıqları pulun müəyyən bir hissəsini ehtiyat üçün saxlaya bilirdilərsə, indi bunun sayı çox azdır. Demək olar ki, yox səviyyəsindədir. Az əməkhaqqı alan insanlar sosial durumun ağırlığından qazandığı pulun müəyyən hissəsini kənara ata bilmir. Təbii ki, hər bir ailənin büdcə imkanlarına görə də dolanışığı mümkün olur. Bu baxımdan onlar əməkhaqqıdan müəyyən qədər ehtiyat üçün saxlamaq imkanından məhrum olurlar.

Məlumat üçün qeyd edək ki, Azərbaycan əhalisinin 2018-ci ilin birinci kvartalında istehlak mallarının alınmasına xərclədiyi vəsait 2017-ci ilin analoji dövrü ilə müqayisədə 2,6 faiz artıb. Azərbaycan əhalisi ümumilikdə ən çox pulu ərzaq məhsullarına xərcləyib. Bu Statistika Komitəsinin məlumatında yer alıb. Həmin məlumata görə ən az vəsaitlər telekommunikasiya cihazları və çap məhsullarına sərf olunub.

2018-ci ilin mart ayının 1-nə olan məlumata əsasən əhali tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 750,3 mln. manat təşkil edib. Belə ki, əmanətlərin 2 mlrd. 935,2 mln. manatı milli valyuta, 4 mlrd. 815,1 mln. manatı isə xarici valyuta ilə yerləşdirilib. Manatla əmanətlərin xüsusi çəkisi 37,87%, xarici valyutada, əmanətlərin çəkisi isə 62,13% təşkil edib.

Regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə gəlincə, Bakı sakinləri banklara daha çox pul yatırıblar. Bu məbləğ 7143311.1 min manat təşkil edib. Paytaxt üzrə əmanətlərin orta faiz dərəcəsi isə 4,3 % təşkil edib. Əmanətlərin həcminə görə, ikinci sırada Abşeron iqtisadi rayonu bankları yer alıb. Bu rayon üzrə banklardakı əmanətlərin həcmi 165996.5 min manatdır. Əmanətlər üzrə orta faiz dərəcəsi 7% təşkil edib.  Gəncə-Qazax iqtisadi rayonu üzrə bu rəqəm 136564.6 min manat, Aran iqtisadi rayonu üzrə isə 110164.2 min manatdır. Ekspertlər hesab edirdilər ki, 2017-ci ilin sonu, 2018-ci ildə Azərbaycanda böhrandan çıxma dövrü olacaq. Amma görünən odur ki, böhran davam edir və əhalinin yaşayış səviyyəsi aşağı düşür.

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə şərhində bildirib ki, müşahidələr onu göstərir ki, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti qazandığı pulu ərzağa xərcləyir:

"Bu onunla bağlı deyil ki, biz yeyən xalqıq. Azərbaycan əhalisinin gəlirləri kifayət qədər aşağı səviyyədədir. Ona görə də Azərbaycan vətəndaşlarının qazandığı pulların böyük əksəriyyəti, demək olar ki, 70-80 faizi gündəlik yalnız ərzağa, yeməyə və yaşayış üçün lazım olan tələbata xərclənir. Bu səbəbdən də Azərbaycan ailələlərinin böyük əksəriyyətinin yığımı olmur. Özləri üçün maliyyə ehtiyatını yığa bilmirlər. Beynəlxalq standartlara nəzər salsaq, əhalinin kasıblıq dərəcəsində də qazandığı vəsaitlərin təsnifatı əsas rol oynayır. Belə ki, Avropa ölkələrinin böyük əksəriyyətində ailənin qazancının 60 faizindən çoxu gündəlik tələbata gedirsə, demək bunlar kasıb ailə kateqoriyasına daxil edilir. Yəni normalda orta səviyyəli ailənin gündəlik tələbatına çıxan xərclədiyi qazancının təxminən 50 faizindən aşağı olmalıdır. Yəni qazancının 50 faizindən aşağısı gündəlik tələbata, 30 faizi isə ailənin büdcə ehtiyatına getməlidir. Təxminən ailə iqtisadiyyatında normal bölgü bundan ibarətdir. Belə ki, 40-50 faiz arası gündəlik tələbata gedir, 20-30 arası digər xərclərə, digər 30 faiz isə ailənin ehtiyat fonduna gedir. Ailənin mütləq ki, yığımı olmalıdır. Azərbaycanda demək olar ki, ailələr pul yığa bilmirlər. Ona görə də əhalinin böyük əksəriyyəti kreditə meyilli olurlar. Onlar krediti ona görə götürürlər ki, onsuz da pul yığa bilmirlər. Məcbur olub nədənsə kəsirlər ki, ehtiyacı olduqları nəyisə ala bilsinlər. Bunun ən böyük səbəbi insanların gəlirlərinin az olmasıdır. Digər səbəb isə ondan ibarətdir ki, Azərbaycanda ailə təsərrüfatı deyilən məsələdə çoxları evindən bixəbərdir. Ailə iqtisadiyyatı özü çox mürəkkəb olmasa da, sadə bir iqtisadiyyatdır. Bu iqtisadiyyatdan reallıqda istifadə edərkən az gəlirlə də ehtiyat yığmaq mümkündür. Amma bu ehtiyat az gəlirlərlə az ehtiyata səbəb olacaq. Az olsa da bunu öz gəlirinə uyğun formalaşdırmaq mümkündür. Sadəcə olaraq bu gün Azərbaycan əhalisi ailə iqtisadiyyatı ilə məşğul deyil. Çox pis və bilgisiz alıcıdır. Bazara planlı yanaşmır. Təxmini bazara gedir və nəzərdə tutulmamış şeylər çox alır. Aldıqlarının içərisində artıq çox olur. Hətta ola bilsin ki, çoxu atılır. Beləliklə də büdcəyə ziyan edir. Bir sözlə bu gün xərclərin çox olması iki səbəblə - gəlirlərin çox aşağı və ailə iqtisadiyyatının olmaması ilə bağlıdır”.

Xaricdə pulun daha çox nəyə sərf olunmasına toxunan ekspert qeyd edib ki, elə ölkələr var ki, orta məktəblərdə ailə iqtisadiyyatı haqda məlumatlar verirlər:

"Elə şirkətlər var ki, öz müəssisələrinə mütəxəssislər dəvət edir və işçilərinə ailə iqtisadiyatından dərs keçirlər. Bu ona görə lazımdır ki, insanlar israfçılıq etməyib, pullarını tez xərcləməsinlər. Çünki aldıqları məvacibi ay başı gəlməmiş xərcləyib qutararlarsa, şirkətdən avans istəyəcəklər. Bu da şirkətə yükdür. O baxımdan şirkət rəhbərləri məvacibin 10 faizini mütəxəssisə xərcləyirlər. Mütəxəssis isə onların üzvlərinə ailə iqtisadiyyatından dərs keçir. Nümunə olaraq biz hər zaman Avropa ölkələrini misal çəkmişik. Xərclər 5 dəfə böyükdürsə, gəlirlər Azərbaycandan ailəsindəkindən 15 dəfə çoxdur. Ona görə də onların vətəndaşlarının maliyyə imkanları genişdir”.