Dünya 18:16 10.06.2013

Azərbaycanlılar Ukraynada etiraz aksiyası keçirdilər

Ukraynada yaşayan azərbaycanlılar bu gün Ali Radanın binası qarşısına toplaşaraq uydurma “erməni soyqırımı”nın tanınması haqda qətnamə layihəsinə etirazlarını bildiriblər. 

Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Rövşən Tağıyev APA-ya açıqlamasında bildirib ki, parlamentə etiraz bəyanatı təqdim edilib. UAK, Ukrayna Azərbaycanlıları Gənclər Birliyi (SAMU) və Azərbaycan Ağsaqqallar Şurasının Ukraynadakı nümayəndəliyinin imzası ilə hazırlanan bəyanat Ukrayna prezidenti Viktor Yanukovuçə də göndərilib.

Bəyanatda deyilir ki, Ali Radada “erməni soyqırımı” haqqında qətnamə layihəsinin qeydiyyata alınaraq qəbula hazırlanması Ukraynada yaşayan türkdilli xalqların, xüsusilə azərbaycanlıların ciddi narahatlığına səbəb olub: “Bildiyiniz kimi, hər il erməni təşkilatları bütün dünyada 1915-ci ildə baş verən hadisələri “erməni soyqırımı” kimi qeyd edirlər. Bununla bağlı tarixçilər daim müzakirələr aparıb, lakin ermənilərin iddiaları təsdiqini tapmayıb”.

Sənəddə bildirilir ki, Ukrayna çoxmillətli dövlətdir və burada 130-dan çox etnik qrup yaşayır, bu cür layihələrin belə bir ölkədə müzakirə olunması dəqiq yanaşma tələb edir: “Əks halda, bu layihənin qəbulu millətlərarası münaqişəni Ukraynaya gətirəcək ki, bu da birgə yaşayış üçün qəbuledilməzdir. Layihənin parlamentdə qəbulu türkdilli xalqların, o cümlədən Azərbaycan və Türkiyə xalqlarının Ukraynaya olan münasibətinə və bu ölkə ilə əlaqələrinə ciddi zərbə vuracaq. Layihə Ukraynada sülhün və təhlükəsizliyin təmin olunmasında ciddi potensial təhlükə yaradacaq”.

Bəyanatda Ali Rada rəhbərliyindən və Ukrayna prezidentindən bu layihənin müzakirəyə çıxarılmasının qarşısının alınması xahiş və tələb olunub.

R. Tağıyev bildirib ki, məsələ ilə bağlı Ukraynadakı tatar və qaqauz türkləri ilə də danışıqlar aparılıb və onlar da mənsub olduqları xalqlar adından parlament rəhbərliyinə, ölkə prezidentinə rəsmi etiraz bəyanatı göndəriləcəyini bəyan ediblər. Qərara alınıb ki, layihə parlamentdə müzakirəyə çıxarılacağı gün paytaxt Kiyevdə türkdilli xalqların nümayəndələrinin kütləvi etiraz aksiyası keçirilsin.

Qeyd edək ki, Ukrayna Ali Radasının erməni deputatları Arsen Avakov (müxalifətdəki Batkivşina Partiyası) və Vilen Şatvoryan (iqtidardakı Regionlar Partiyası) “Erməni xalqının soyqırımının tanınması haqqında” qətnamə layihəsi hazırlayaraq parlament katibliyində qeydiyyatdan keçiriblər.

Qaynar.info