Dünya 16:52 29.04.2013

Azərbaycanlılarla ruslar arasında kütləvi dava

Rusiyanın Tver vilayətində azərbaycanlılarla ruslar arasında kütləvi dava olub.

Lent.az-ın verdiyi məlumata görə, hadisə Tver şəhərinin Kalinin prospektindəki “Morozov Holl” kompleksi yaxınlığında baş verib. 9 rus və 4 azərbaycanlı gənc arasında baş verən dava zamanı dəyənək və bıçaqla bərabər, odlu silahdan da istifadə edilib.

Davaya səbəb isə azərbaycanlı gənclərdən birinin barın yaxınlığında təsadüfən rus gənclərdən birinin ayağını basması olub. Azərbaycanlı gənc üzr istəsə də, qarşı tərəf sərt reaksiya verib. Münaqişə daha sonra küçədə davam edib.

Rus gənclərdən ikisi bıçaq, digər ikisi isə güllə yarası alıb. Yaralıların həyatı üçün təhlükə yoxdur. Tver vilayətindəki Azərbaycan diasporunun rəhbəri Yaqub Əliyev isə azərbaycanlı gənclərin möhkəm döyüldüyünü, onların birinin hazırda ayaq üstündə belə dura bilmədiyini söyləyib. O, bu hadisənin millətlərarası münaqişə deyil, məişət zəminində dələduzluq olduğunu bildirib.

Dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Qaynar.info