"Dünya Görmə Günü”ndə Azercell-dən pulsuz göz müayinəsi
 
Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə oktyabr ayının ikinci cümə axşamı hər il Dünya Görmə Günü (World Sight Day) kimi qeyd edilir. Korluğun qarşısının alınması üzrə Beynəlxalq Agentliyin məlumatına əsasən, dünyada təqribən 300 milyona yaxın insanın gözlə bağlı problemləri vardır. Onların 39 milyonu görmə qabiliyyətini tamamilə itirib. Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri olan insanların sayı 45 min artır.
 
Həkimlərin rəyinə görə, vaxtında müdaxilə olunarsa, korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Gözlərin müayinəsi və eynəklərlə təminat nəticəsində yer kürəsində 153 milyon insanın həyatı dəyişə bilər. İnsanların rifahına və gələcək nəslin sağlam böyüməsinə yönəlik bır sıra sosial təşəbbüsləri dəstəkləyən və fəaliyyəti boyunca bu yöndə layihələr həyata keçirən "Azercell Telekom” MMC-nin ”Mobil Göz Klinikası” il boyu olduğu kimi, təqvimdəki bu gün münasibətilə də növbəti səfərə çıxıb. Belə ki, şirkətin dəstəyilə ilə yaradılan və artıq 7 ildir fəaliyyət göstərən "Mobil Göz Klinikası”nın həkimləri 11 oktyabrda Zabrat qəsəbəsində yerləşən sosial sığınacaq və reabilitasiya müəssisəsində oftalmoloji müayinə keçiriblər. Klinkanın həkimləri qaçqın və məcburi köçkünləri, şəhid ailələrini, onların uşaqlarını, xəstə və kimsəsiz, xüsusi ehtiyacı olan azyaşlıları, uğursuz ailədən olan uşaqları, ahılları, əlilləri müayinə ediblər. 

Qeyd edək ki, 2011-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayan "Mobil Göz Klinikası” Bakı şəhəri daxil olmaqla Azərbaycanın əksər rayonlarında uşaq və ahıllar evlərini, məktəbləri ziyarət edir. Azercell-in dəstəyi ilə "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilirən müayinələr zamanı insanlara peşəkar oftalmoloqlar, mütəxəssislər xidmət göstərir, gözlərin qorunması üçün zəruri məsləhətlər verirlər. 2017-ci ildə Azercell "Mobil Göz Klinikası”nda Bakı və bölgələrdən 1426 nəfər pulsuz göz müayinəsindən keçib. 7 il ərzində isə 6063 nəfər bu unikal layihədən yararlanıb.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.