Ekonomiks 19:40 10.03.2018

“Azərenerji” yenə büdcəni “yeyəcək”

"Fitch” beynəxalq reytinq agentliyi "Azərenerji” ASC-nin emitentin uzunmüddətli defolt reytinqini "BB+”, qısamüddətli defolt reytinqini isə "B” səviyyəsində təsdiq edib. Agentliyin yaydığı məlumata əsasən reytinq üzrə proqnoz stabildir.

Məlumatda bildirilir ki, "Azərenerji” dövlət şirkətidir və onun borclarının böyük hissəsinə  dövlət tərəfindən zəmanət verilib: "Görürük ki, dövlət "Azərnerji”yə bütün əməliyyatlar üzrə güclü dəstək verməkdə davam edir. Çünki son bir neçə il ərzində dövlət tərəfindən şirkətə investisiya proqramı çərçivəsində kapital inyeksiyası baş tutub. 2015-ci ilin sonunda imzalanan sərəncama əsasən, dövlət 2016-2025-ci illər ərzində şirkətə öz xarici öhdəliklərini yerinə yetirməyə yardım məqsədilə kapital ayırmaqda davam edəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda bütün kommunal xidmətlərin, eləcə də elektrik stansiyalarının özəlləşdirilməsi imkanları nəzərdən keçirilməsinə dair məlumat verilmişdi. Hətta bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsində, Energetika və İqtisadiyyat nazirlikləri, habelə "Azərenerji” ASC-nin nümayəndələri cəlb olunmaqla işçi qrupunun fəaliyyət göstərməsi də açıqlanmışdı. Məlumatda o da vurğulanırdı ki, ilkin mərhələdə stansiyaların səmərəlilik göstəriciləri, qoyuluş, imkan və faktiki gücləri təhlil olunacaq. Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılmalı strateji əhəmiyyətə malik stansiyaların siyahısı dəqiqləşdirilir. Enerji sektorunda özəlləşdirilmə prosesi vasitəsilə səmərəliliyin artırılması və uğurlu nəticələrin əldə edilməsi istiqamətində beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlər ilə müzakirələr aparılır. Növbəti mərhələdə isə özəlləşdirilməsinə qərar veriləcək stansiyalara investorlar və ya operator şirkətlərin cəlb edilməsi istiqamətində tədbirlər görüləcəyi də qeyd olunmuşdu.

Maraqlıdır, özəlləşdirilməsi nəzərdə tutulan qurumlara uzunmüddətli dövrdə dövlət dəstəyinin davam etməsi nə dərəcədə doğrudur?



İqtisadçı-ekspert Nazim Bəydəmirli "Cümhuriyət” qəzetinə bildirib ki, yol infrastrukturundan sonra ən çox dövlət dəstəyi alan energetika sektordur: "İllər boyu milyardlarla dövlət vəsaiti bu sektorun yenilənməsinə, yaxşılaşdırılmasına və istehlakçıları normal enerji ilə təmin etmək üçün ayrılıb. Özəlləşmə dedikdə, kiçik elektrik stansiyaları nəzərdə tutulur. Məsələn, bir neçə il öncə Şəki Su Elektrik Stansiyasının özəlləşdirilməsi gündəmdə idi. Digər bölgələrdə də uzun illərdir tikilib istifadəyə verilmiş su elektrik stansiyalarının özəlləşdirilməsi ola bilər. Enerji sektoru özəlləşdirilən zaman çox diqqətli olmaq lazımdır. Hesab edirəm ki, müxtəlif enerji satıcılarının bazarda olması, əslində istehlakçılar üçün qəbul olunandır. Bu, eyni zamanda çox müsbət addım olardı. Ancaq Azərbaycanda özəlləşdirmə praktikası elə aparılıb ki, dövlət əmlakının bu və ya digər formada müxtəlif "məmur sahibkarlar”ın əlinə keçməsi prosesi yaşanıb.

1997-ci ildən bəri özəlləşdirmə haqqında qəbul olunmuş dövlət proqramının icrası, sonradan vətəndaşlara paylanılan çeklərin əhəmiyyətli hissəsi büdcədən maaş alanların çeklərini realizə etməmələri ucbatından və çek investisiya fondu yaradılmadığına görə demək olar ki, Azərbaycanda özəlləşdirmə fiaskoya uğrayıb. Ölkədə özəlləşdirmədən daha çox dövlət əmlakının mənimsənilməsi prosesi baş verib. Doğrudur, ölkə başçısı həmişə sahibkarlara mənəvi, siyasi və maddi dəstək göstərir, şəffaflığın təmin olunmasını təmin etmək üçün müxtəlif addımlar atır. Yenə də Azərbaycanda inhisarçılıq mövcud olduğuna görə müxtəlif dövlət qurumlarının rəhbərləri birbaşa sahibkarlıqla məşğul olduğuna görə, dövlət resursları onların əllərinə çox asan şəkildə keçir. Hesab edirəm ki, şəffaf özəlləşdirilmə aparılmasa, əvvəlki özəlləşdirmə situasiyasını yenidən yaşamalı olacağıq”.