Ekonomiks 13:21 30.07.2018

“Azəriqaz” qazıntı işlərinin digər qurumlarla razılaşdırmaması ittihamlarına cavab verdi

Son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində "Azəriqaz” İstehsalat Birliyi tərəfindən Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsində aparılan qazıntı işlərinin digər qurumlarla razılaşdırılmaması haqqında yazılar dərc edilib. 

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, yazılanlar həqiqəti əks etdirmir. 

Açıqlamada deyilir ki, "Azəriqaz” müvafiq qaz xəttlərinin çəkilişi və əvəzlənməsi işlərini apararkən müvafiq dövlət və hökumət strukturları ilə razılaşdırır:

"Respublikanın bölgələri ilə yanaşı, paytaxt Bakıda da abadlıq quruculuq işləri uğurla aparılır, yeni yollar çəkilir, təmir olunur, körpülər, yol ötürücüləri, keçidlər inşa olunur, parklar salınır. Sadalanan işlər görüldüyü zaman digər Kommunikasiya, Kommunal qurumlarda olduğu kimi, qaz təsərrüfatında da işlər aparılır və tikinti sahəsinə düşən qaz xətlərinin yeri dəyişdirilərək təhlükəsiz əraziyə köçürülməsinə zəmin yaranır. 

Bundan əlavə, tərtib edilmiş tədbirlər planına uyğun olaraq, layihə əsasında istismar müddəti başa çatmış, korruziya uğramış yeraltı və yerüstü qaz xətləri yenilənir, yeraltı metal xətlər polietilən qaz xətləri ilə əvəzlənir. Bütün bu işlər aparılan zaman, İstehsalat Birliyi tərəfindən Bakı Şəhər İcra hakimiyyətinə müraciət olunaraq sərəncam alınır, Bakı şəhər Yol polisi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə razılaşdırılır, AAY-tərəfindən texniki şərt alındıqdan sonra Kommunikasiya təminatı sistemlərinin mülkiyyətçilərinə telefonoqram vasitəsilə nümayəndələrin iştirakının təmin edilməsi barədə bildirilir”.

"Azəriqaz” bəyan edib ki, həmin informasiyalar dərc edilərkən İstehsalat Birliyinin mövqeyi öyrənilməyib.