Foto 19:57 20.01.2018

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi"ndə 20 Yanvar şəhidləri yad edilib (FOTOLAR)

"Azərkitab-Kitab Təbliğatı Mərkəzi” ndə Azərbaycanın milli-azadlıq mübarizəsi və müstəqillik yolunda qurban gedən şəhidlərin ölməzliyə qovuşduğu 20 Yanvar faciəsinin 28 illiyinə həsr olunan tədbir keçirilib.
 
Mərkəzin əməkdaşları Şəhidlər Xiyabanında 20 Yanvar şəhidlərinin məzarları üstünə qərənfil dəstələri qoyub,ehtiramlarını bildiriblər. Mərkəzdə keçirilən tədbirdə "20 Yanvar” şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və faciə ilə bağlı sənədli film nümayiş edilib. "Azərkitab-Kitab Təbliğatı Mərkəzi”nin layihə rəhbəri Sabir Həsənov 1990-cı il yanvarın 20-də sovet ordusunun paytaxtda, eyni zamanda bölgələrdə həyata keçirdiyi qətliamdan, günahsız insanların həyatlarını itirməsindən danışıb. Sabir Həsənov qeyd edib ki, "20 Yanvar” şəhidləri Azərbaycanın tarixinə parlaq səhifə yazıblar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açıblar. Layihə rəhbəri "20 Yanvar” faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini xatırladıb. 

Tədbirdə faciə şəhidlərinin yaxınları, gənclər, qeyri-hökümət təşkilatlarının üzvləri, ziyalılar, şairlər Vahid Əziz, Yusif Nəğməkar, dövlət nümayəndələri, millət vəkilləri Qənirə Paşayeva, Aydın Mirzəzadə və KİV təmsilçiləri iştirak ediblər. Çıxışlarda bildirilib ki, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub; hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri, milis nəfərləri olub. Qabaqcadan düşünülüb hazırlanan bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyıb. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Bir sözlə, Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib... "20 Yanvar” şəhidlərinin ailə üzvlərinə qanlı günləri yaddaşlara həkk edən kitab və fotoalbomlar hədiyyə edilib.