Ölkə 17:24 16.05.2013

«Azərsu» əhalidən pul yığan əməkdaşını cəzalandırdı

«Azərsu» ASC qeyri-qanuni əməllərlə məşğul olan əməkdaşını ifşa edib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, su kəməri təsərrüfatında nəzarətçilərin özbaşına hərəkətləri ilə bağlı növbəti fakt Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsi sakinlərinin “Azərsu” ASC-yə etdikləri müraciət əsasında aşkarlanıb.

ASC əməkdaşlarının apardığı araşdırmalar nəticəsində Səbail Sukanal Departamentinin nəzarətçisi Zeynalov Nəsimi Sahib oğlunun  qeyri-qanuni əməlləri ifşa edilib. Araşdırma zamanı məlum olub ki, Nəsimi Zeynalov 14 may 2013-cü ildə öz xidməti marşrutuna aid olmayan Sahib İbrahimxəlilov küçəsi ev 3/1 ünvanında Ağazadə Lyudmila Mixayılovnanın mənzilinin su təchizatı sisteminə baxış keçirib. Baxış zamanı N.Zeynalov qonşunun L.Ağazadənin su təchizatı xəttinə qanunsuz qoşulmasına şərait yaratdığını bəhanə gətirərək, abunəçinin 500 manat cərimə olunduğunu bildirib. Pulu nağd verməyəcəyi təqdirdə, su təchizatını dayandıracağını deyən N.Zeynalov L.Ağazadədən 250 manat alıb, qalan məbləğin isə mayın 15-də ödənilməsini tələb edib və abunəçi də bununla razılaşıb. N.Zeynalov aldığı 250 manata görə ödəniş qəbzi təqdim etmədən gedib. Mayın 15-də N.Zeynalov tələb etdiyi məbləğin qalan hissəsini almaq üçün həmin ünvana gəlib 250 manatı alanda “Azərsu” ASC-nin əməkdaşları tərəfindən ifşa edilib. Fakt “Azərsu” ASC-nin müvafiq struktur bölmələri tərəfindən ciddi araşdırılır.

“Azərsu” bir daha bəyan edir ki, abunəçilərin ASC-nin hər hansı əməkdaşı ilə sövdələşmələrə getməsi, sərfiyyatın gizlədilməsi və azaldılması, eləcə də yaranmış borcun və təyin olunmuş cərimələrin müxtəlif  yollarla azaldılması və ləğv edilməsinə yönəlmiş cəhdləri və hərəkətləri yolverilməzdir. Bu cür qeyri-qanuni hərəkətlər “Azərsu” ASC-nin əməkdaşları tərəfindən aşkarlanacaq və onlara qarşı inzibati tədbirlər görüləcək. ASC əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə qarşılaşan vətəndaşlardan “Azərsu” ASC-nin 955 nömrəli “Zəng  mərkəzi”nə dərhal müraciət etməsi və ətraflı məlumat verməsi xahiş olunur.

Qaynar.info