Ekonomiks 23:08 22.04.2014

“Azərsu”nun suya verdiyi 1 milyard...

Paytaxtın  Binəqədi və Nərimanov rayonlarına içməli su verilişi dayandırılıb.

Bu barədə virtualaz.org saytına həmin rayonların sakinləri məlumat veriblər.

Şikayətçilər deyiblər ki, apreldən başlayaraq su verilişində problemlər yaranıb: “Su gecə saat 2-dən sonra verilir. Bütün günü işdə yoruluruq, axşam isə suyun gəlişini gözləyib yatmırıq. “Azərsu” ya gecə saatlarında, ya da hər kəsin işdə olduğu müddətdə 1-2 saat su verir”.

“Azərsu” Səhmdar Cəmiyyəti isə su verilişində yaranan problemləri yaya hazırlıqla əlaqələndirir.

Cəmiyyəttin yaydığı məlumatda deyilir ki, Binəqədi  və Nərimanov ərazisinə içməli suyun verilməsində məhdudiyyətlərin olması təmir və su xəttinin şəbəkəyə qoşulması ilə bağlıdır: “Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yeni  çəkilmiş 1000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar Binəqədi və Nərimanovda içməli suyun verilməsində məhdudiyyətlər yaranıb”.

Qeyd edək ki, Yasamal rayonuna da 3 gün idi su verilmirdi.

Xatırladaq ki, paytaxtın fasiləsiz içməli su ilə təminatı üçün Oğuz-Qəbələ-Bakı kəməri tikilib. 1 milyard manata başa gələn ölkənin ən iri su layihəsi içməli su problemini çözə bilmədi. Boru kəmərinin istifadəyə verilməsindən 4 il keçməsinə baxmayaraq kəmər çöküb. İndi “Azərsu”nun kəmərin əsaslı təmiri üçün daha 1 milyard manata “ehtiyacı var”.

Qaynar.info