Sənət 17:52 09.07.2018

Ağzı bağlı azadlıq – Nərgiz Cabbarlı Şərif Ağayarın romanından yazdı

Qaynarinfo tənqidçi-ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda "Ədəbi proses - 2017” mövzusunda keçirilən yaradıcılıq müşavirəsində etdiyi məruzə əsasında yazdığı "Müasir roman: həqiqətdən simvolikaya və ya mistik roman simvollarla danışır” adlı məqaləsinin Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” romanına aid olan hissəsini təqdim edir.

Şərif Ağayarın "Arzulardan sonrakı şəhər” romanı son illərin aktual olan modelində - strukturunda (təmas xətti olmayan, yalnız simvolik obrazlar vasitəsilə xəyali birləşimin baş verdiyi modeldə) yazılıb. İki süjet xətti iki bir-birindən fərqli (oxşar xüsusiyyətləri olsa da) zaman və məkanı, hadisə və prosesləri paralel dünyalar kimi təqdim edir. Sanki bir-biri ilə paralel məkanlarda mövcud olan iki dünyaya keçid imkanı təqdim olunur oxucuya. 
 
Romanda iki süjet xətti var. Hər ikisinin qəhrəmanı torpağından – Vətəndən qoparılmış İnsanlardır. Biri firon dövrünün qəhrəmanıdır - əsir götürülüb və bu məqamdan sonrakı bütün yaşamı öz azadlığına qovuşmaq, Vətənə qayıtmaq üçün çırpınmalardan ibarətdir. Bu çırpınışın şahidi də, hərəkətverici gücü də İterü çayıdır (Vətənin bir parçası -  simvolu!). Paralel dünyada da oxşar proses (süjetlər arasında əlaqələndirici məqam da elə bundan ibarətdir) – qəhrəmanın Vətəndən uzaq salınması (bunun özü də bir başqa cür əsirlikdir), o həsrətlə çırpınması təsvir edilir. Bu günün – müasir dünyanın torpağından qaçqın düşmüş həmin müharibə qəhrəmanı da (nənəsi ilə birlikdə) mücadilə içərisindədir. Torpağını arzulayır.
 
Birincinin Vətənə - "Yaşıl vadi”yə qayıdışı ölümü bahasına olsa belə mümkünləşir. Çünki onu İterü çayına olan inamı qoruyur, sağ qalmasına yardım edir. Çünki onu xatirələr yaşadır (digər süjetin qəhrəmanında da bu paralellik var). Bir də arzusunun, azadlığının simvolu olan atlar, quşlar, kedr çiçəyi: "Ömründə ağlıma gəlməzdi ki, bir kölə ən çox at çapmağı arzulaya bilər. Bir də quş olub uçmaq keçir ürəyimdən. Cəmi bir dəfə Yaşıl vadinin üstündə dolanmaq üçün, bəlkə, həyatımı verərdim. Cələyə saldığım quşlar gəlir ağlıma. Ovladığım haçabuynuz maralların incə böyürtüsünü eşidirəm. Hərdən burnumu İterüdən əsən həzin mehin dərinliklərinə soxub kedr çiçəyinin ətrini axtarıram. Yəqin düşündünüz; belə azad və xoşbəxt insan ikən necoldu köləyə çevrildim? Bu, uzun əhvalatdır və bu uzun əhvalat mənim ilk dəfə kölə görməyimdən başlayır”.  
 
Burada ülviləşdirmə, müqəddəsləşdirmə, əsasən, ana hesab edilən İterüyə yüklənir. Bu qəhrəmanın yaşantıları, düşüncələri, başına gələn hadisələr köləlik faktını, azadlıq ideyasını aktuallaşdırır. Başlıca arzuya, başlıca qayəyə çevirir. Həyatın mənası sadəcə, bundan ibarət olur: GERİ – VƏTƏNƏ DÖNÜŞ! Əslində, həm birinci, həm də ikinci süjetdə müəllifin birbaşa deyil, simvolik obrazlar, hadisələr, qəhrəmanların duyğuları və xəyallarında yaşatdıqları ilə demək istədiyi əsas həqiqət budur.
 
Müəllif birinci süjetdə təsvir etdiyi hadisələrlə təkcə köləliyi və azadlıq istəyini deyil, uşaq ölümünü, müharibə fəlakətini də əsərin qaldırdığı problemlər cərgəsinə qoşur. Məsələn, kölənin də insan olduğu düşüncəsi kimi: "Öküz burnu kimi İterünün üstünə uzanan Xaxas xəndəyinə çatanda atlı əsgər bayaq yaxınlaşmaq istədiyim balaca uşağı mizrağın ucu ilə itələyib tikanlı mirra kollarının arasına saldı. Müqəddəs kollar, tikanlar onu saxlaya bilmədi, uşağın qaraltısı ov üçün şığıyan ley kimi yarğanın qorxunc dərinliklərinə uçdu. Əli payaya bağlı qadınlardan biri haray çəkib qışqırdı, anam da inildədi və cəld gözlərimi qapadı. Lakin gec idi, mən gördüyümü görmüşdüm. O qışqırtıdan sonra kölələrin bizim kimi insan olduğuna zərrəcə şübhəm qalmadı. ....O uşaq ordan bir dəfə yıxılmışdısa, mən min dəfə yıxılmışdım. Yıxıla-yıxıla, anamı qışqırda-qışqırda böyümüşdüm. Böyüyə-böyüyə o uşağı da içimdə böyütmüş, ölməyə qoymamışdım.  Ona xəyali ad da tapmışdım: Amanda. Niyə Amanda? Yəqin öz adıma oxşatmışdım”.

Amma ölüm faktının təsviri (müharibə səhnələrinin təsviri kimi) fraqmentar xarakter daşıyır. Birinci süjetlə bağlı gətirdiyim bu sitat qəhrəmanın içində "böyütdüyü” o uşağın, əslində, ruhunda böyütdüyü və varlığını əvvəlcədən intuitiv olaraq hiss etdiyi "qorxusu”dur. O, köləlikdən qorxur. O, azadlığını itirməkdən qorxur. Bu qorxu ilə yaşayır. Onun bütün mücadiləsi azadlıq mücadiləsidir. O yalnız bu haqda düşünür: "Sizcə, ağalarımız bizim azad olmaq istədiyimizi düşünürlər? Əsla! Kölə azadlıq xülyasına düşə bilməz. O, yalnız qaça bilər. Burdan-ora, ordan-bura. Qaçanda da gec-tez tutub gətirir, ağır cəza verirlər. Ona görə, azadlıq eşqimiz getdikcə təsirini itirir, içimizdəki o işıq son işartısınacan sönüb gedir”. 
 
Bu fikirlər müəllifin azadlığa verdiyi tərifdir. "Kölə yalnız burdan-ora qaça bilər, azad insan isə yox!” Bu səbəbdən də roman haradasa, həm də "azadlıq romanı”dır. Və birinci süjetdə də, ikinci süjetdə də bu azadlığın köləliyi qabardılır, həm də birbaşa deyil, simvolik mənalandırma ilə: ağzı bağlı çəhrayı atla...
 
Digər qəhrəman da kölədir. O da ağlına gəlməyən bir hadisənin – müharibənin, torpaq itkisinin köləsinə çevrilib. O da geri qayıtmaq istəyir. Amma bu qayıdış reallıqda deyil, "arzularından sonrakı şəhər”lər şəklində yaşanıır. İtirdiklərinin adını alır həmin şəhər... O, bu şəhərin arzusu ilə çırpınır. Onun uşaqkən qoyub gəlmək məcburiyyətində qaldığı, amma xəyallarında, arzularında yaşatdığı şəhər müxtəlif çalarlar, mənalandırmalar qazanır. Ümumiyyətlə, Şərifin digər romanlarında da "itmiş şəhərin”, "itmiş uşaqlığın”, "itmiş doğmalığın”, "itirilmiş torpaqların” arayışı var və hər birində də müəllif görünür, tanınır, öz axtarışı, arayışı, yanğısı, ümidi və ümidsizliyi ilə, öz gücsüzlüyünə etdiyi ironiyası ilə yadda qalır.  
 
Çox maraqlıdır ki, müəllif müharibənin, döyüş səhnələrinin əyani təsviri ilə məşğul olmur. Halbuki ikinci süjetdə oxucu bunu haradasa gözləyir. Amma o, burada da  simvolik mənalandırmaya üz tutur: məsələn, Səsə. (Eyni səs birinci süjetdə Çayın – Vətənin səsidir). Burada isə müharibənin (deməli, yenə də Vətənin!) səsi kimi eşidilir. O səs hər yerdə duyulur. Qəhrəmanın müharibə təəssüratı (elə oxucunun da) səslə yaradılır. Əslində, bu tək o qəhrəmanın deyil, müharibə aparan ölkənin əksər vətəndaşlarının müharibə təəssüratının və yaşantılarının səslə simvolizə edilməsidir. Həm də çox dəqiq bir müşahidədir: "Bəzən məhəllə uşaqları ilə qaldığımız binanın çardağına çıxıb müharibə gedən tərəflərə baxırdıq. Gecə noxud boyda səslər fındıq boyda, fındıq boyda səslər qoz boyda eşidilirdi. Gecənin sakitliyi uzaqdan gələn səslərin üstündəki uğultu tozanağını silib təmizləyirdi. Səslər bəzən ildırım gurultusunu xatırladırdı. Elə bil, göyün bağırsağı quruldayırdı. Güllələr də ildırım kimi çaxırdı. Bəzən qarışdırırdıq; bu səs ildırım səsidirmi, bu işıq müharibənin işığıdırmı?”  
 
Amma maraqlıdır ki, (romanın əsas xüsusiyyətlərindən biri də elə budur) bütün simvolik mənalandırmalar içərisində dövrün dəqiq, real və xarakterik cizgilərini məhz cizgi, hətta ötəri cizgi şəklində müşahidə edirik. Amma o qədər dəqiq cizgilərdir ki, təsiri də dərin olur: "Müharibənin içindən gələn səslər böyüdükcə, ölənlərin sayı artır, şəhərdəki adamların sayı azalırdı. Ölənlər gen-salxaq hərbi paltar geyinmiş saqqallı əfqan əsgərlərinin cildində təzədən peyda olurdular. Silahlı əfqanlar səngərə gedib döyüşmür, bütün günü şəhərin küçələrində veyillənirdilər”.
 
Romanın əsas ideyası olan azadlığın simvolu haqda ayrıca danışmaq lazımdır. Çünki bu simvol-obraz həm hər iki süjet arasında əlaqələndirməni yaradan ana açardır, həm də yazıçı qayəsinin ana xəttini təşkil edir.
 
Həsənin müasir dünyası ilə Misirdəki Amanis adlı kölənin eramızdan beş min il əvvəli azadlıq arzusunu (paralelliyə gətirilən arzunu) ağzı məftillə bağlanmış çəhrayı rəngli atlar simvolizə edir. Misirdə yaşayan üçün bu atlar həm də realdır, əsir düşdükdən sonra çəhrayı rəng alıbdır. Müasir dövrün qəhrəmanı üçünsə yuxuda görülən bir arzudur, istəkdir. At arzulanan azadlığın atributudur – hər iki qəhrəman üçün. Ana-azadlıq arzusu-itirilmiş torpağın xilası paralelliyi var bu arzularda: "Anam müharibə başlamazdan bir az əvvəl öldü. Çəhrayı atlar o öləndən sonra yuxuma gəlməyə başladı. Mən yuxuda çəhrayı atların qoxusunu da hiss edirdim. Məncə, bu, anamın yaddaşımın hansısa küncündə ilişib qalan qoxusuydu".
 
Bu atributun, atın – deməli, azadlığın ağzı bağlıdır. Onu susdurublar!
 
Bu arzu o qədər güclüdür ki, Həsənə yaşamağa imkan vermir. Nənəsi yuxuda tez-tez çəhrayı atlar gördüyü üçün, son zamanlar hətta ayıqlıqda belə gözünə o atlar göründüyü üçün onu həkimə belə aparır. Lakin bu anlaşılmaz xəstəlik qəhrəmana rahatlıq vermir. Beləcə, öz arayışı, axtarışı ilə qəhrəman mətn içində mətnə keçid məqamına – digər qəhrəmanın dünyasına xəyalən adlama anına gəlir. Həsənin çəhrayı atları yaşadan tapdığı dəftəri son anda tərk etdiyi evdə qoymaması, onu da özü ilə aparması təsadüfi deyil: arzular vazkeçilməzdir. Azadlıq vazkeçilməzdir!
 
Nə üçün atlar çəhrayı rəngdədirlər? (Rəng məsələsinə sonrakı romanın təhlilində də toxunacağıq. Əslində, müəllifin qaldırdığı problemə münasibəti – optimizmi və ya pessimizmi elə bu rənglərdə gizlənib). Çünki çəhrayı xoşbəxtliyi, əlçtmazlığı və arzulananı ifadə edir. Gözəlliyi simvolizə edir. Çəhrayı rəngin bütün əsər boyu hökmranlığı isə arzunun rəngi anlamında özünü göstərir. Bu arzu – bu azadlıq arzulanan, istənən, xoşbəxtlik gətirə biləcək olduğundan, mənəvi rahatlıq vəd edən olduğundan çəhrayı rəngdədir... Onunla bağlı ümidin rəngidir çəhrayı.
 
Arzulardan sonrakı şəhərə müxtəlif adlar verilir... Məsələn, "Arzulardan sonrakı şəhərin adı Gülsüm idi”... Və bu adların hər biri Həsənin itirdiklərinin, onun üçün dəyərli olanların adlarıdır... Bu isə şəhərini itirmiş birinin onu geri qazanarkən o şəhərdə görmək istədikləri ilə bağlı xəyallarıdır...
 
Əsərdə müəllifin üslubundan gələn ironik bir yanaşma var ki (eyni xüsusiyyət, bir qədər zəif də olsa, Zahid Sarıtorpağın da romanında var), bu özünü ilk növbədə, yaradılan obrazlarda göstərir. Məsələn, nənə obrazında. Zahirlə daxilin bir-birinə uyuşmadığı, amma düzünü desək, çox realist bir obrazda: "Nənəmdir, vəssalam. Əyri dişli, donqar belli, çör-çöp saçlı, cır səsli, zəhlətökən nənəm. Mənim sevimli ifritəm! Miss 154-üm!”
 
Bu da bir cür simvol-obrazdır. Küpəgirən qarını xatırladan nənə daxili ilə zahiri bir-birinə zidd olan doğmalıqdır. Nə qədər zahirdə "itələyici” olsa da, doğmalığə əvəzedilməzdir.
 
Bir sözlə, Şərif Ağayarın romanları simvolik obrazlarla ötürmək istədiyi həqiqətlərlə, işarələrlə, mənalandırmalarla zəngindir. O, digər romanlarında olduğu kimi (məsələn, "Gülüstan”da) real dünyanın realist təsviri ilə yazmaq və demək istədiklərinin simvolik mənalandırmasını bu əsərində də bir arada verib. Sadəcə, bu dəfə simvolik mənalandırma daha da gücləndirilib.