Ölkə 17:51 23.01.2019

AzTV-də sərt qərarlar: 2 ölkə bürosu bağlandı, 1 təmsilçi geri çağırıldı

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) kadr islahatları davam etdirilir.

"Report”un əldə etdiyi məlumata görə, QSC-nin sədr vəzifəsini icra edən Rövşən Məmmədov qurumda keçirilən daxili iclasda bununla bağlı müvafiq qərarlar qəbul edib.

İclasda AzTV-nin Böyük Britaniya və Yaponiya bürosunun bağlanması, Ukrayna və Şərqi Avropa üzrə təmsilçisinin isə geri çağırılaraq işdən azad edilməsi barədə qərar qəbul edilib. Bundan başqa QSC-nin daxili strukturlarında da bir sıra şəxslərin vəzifəsindən azad edilməsi barədə qərar qəbul edilib. Qeyd olunan bürolardakı təmsilçilər təhfil-təslim üçün Bakıya çağırılıblar. Əldə olunan məlumata görə, aparılan bütün kadr islahatlarına səbəb onların fəaliyyətilərində yol verdikləri ciddi nöqsanlardır.

Xatırladaq ki, bu gün yayılan digər məlumata görə AzTV-nin yeni rəhbərliyi digər qərarla qurumun maliyyə rəhbərliyini vəzifədəna zad edib, audit yoxlamalara başlanılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov qurumun sədri vəzifəsindən azad olunub. Dövlət televizyasının sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova tapşırılıb.