AzTV-nin nəzdində olan Mədəniyyət kanalının efirində yayımlanan Müasir Azərbaycan Gənci (MAG) adlı verilişlə balı maraqlı kadrlar ortaya çıxıb. 
 
Qaynarinfo-nun verdiyi xəbərə görə, gənclərin maraqla izlədiyi verilişlərdən biri olan MAG-a dəvət edilən istedadlı ifaçı Vüsal Rzasoya həsr edilən veriliş geniş müzakirələrə səbəb olub. Təxminən noyabr ayında çəkilən verilişdə Vüsal Rzasoyun ifa etdiyi rok parçalardan biri - "Ayə, haraya gedirsən, ayə" parçası maraqla qarşılanıb.
 
Azxeber.com-un bu parça ilə paylaşdığı və dərhal mediada geniş yayılan xəbərdən az sonra verilişin yaradıcı heyətindən maraqlı açıqlama gəlib.
 
MZ productionun rəhbəri Üzlüfət Qasımova "Qafqazinfo”ya açıqlamasında həmin kadrların AzTV-də yayımlanmadığını bildirib:

"O kadrlar AzTV-də getməyib. Sözügedən proqram çəkiləndən sonra biz Vüsal Rzasoyun mahnılarını dinlədik, daha sonra qərara aldıq ki, AzTV-yə uyğun deyil. Bu səbəbdən həmin görüntünü efirdə yayımlamadıq, MAG-ın səhifəsində paylaşmaqla kifayətləndik. Sözügedən videonu 20 gün əvvəl səhifədə yaymışıq.

Təəssüflər olsun ki, saytlar maraqlanmadan həmin kadrları efirdə getmiş kimi təqdim edib. Maraqlıdır ki, "MAG” 5 ildir efirdə olsa da, bu günə qədər heç belə müzakirəyə səbəb olmamışdı”. 
 
Qeyd edək ki, Vüsal Rzasoy 2 yanvar 1986-cı ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. 2008-ci ildən 2010-cu ilədək "Tengri" rok qrupunun vokal ifaçısı olub. Bakıda Neft Akademiyasında təhsil alıb. 2011-2014-i illərdə Avropa ölkələrini səyahatə çıxıb. 2014-cü ildən Litvada yaşamağa başlayıb və musiqi ilə məşğul olub. Litvada "X Faktor" televiziya müsabiqəsində iştirak edib. Hal-hazırda vətənə dönüb və litvalı meneceri ilə yeni layihələrə hazırlaşır.
 

 
Vüsal Rzasoyu bir ifaçı kimi daha yaxından tanımaq üçün efirə getməyən həmin verilişi tam şəkildə izləməyi, həmçinin onun verilişdə ifa etdiyi "Payız yağışları" adlı digər mahnısını da dinləməyi təklif edirik.