Dünya 17:48 22.05.2018

B planı yoxdur: Yaxın Şərq müharibənin astanasında

Yaxın Şərqdə yeni müharibənin başlaması ehtimalı artıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə "Əl Cəzirə"nin "B planı yoxdur: ABŞ-ın İrandan yeni tələbləri müharibənin zəminini hazırlayır" başlıqlı xəbərində qeyd olunub.

"Əl Cəzirə"yə danışan ekspertlərin sözlərinə görə, dünyada ən çox sanksiyaya məruz qalmış ölkə olan İran üçün hazırlanan yeni strategiyalar 40 ildir tətbiq olunan, lakin həmişə uğursuzluqla nəticələnən siyasətin geri qayıtması və Yaxın Şərqdə yeni bir müharibənin başlaması ehtimallarını getdikcə artırır.

Xəbərdə həmçinin Tehran Universitetinin professoru Məhəmməd Mərəndinin də şərhinə yer verilib. O, ölkəsinin sazişdən çəkiləcəyini bildirərək, Avropa ölkələrinin sazişə sadiq qalacaqlarına İranın şübhə ilə yanaşdığını söyləyib.

"İran daha sonra nüvə proqramını tam gücü ilə davam etdirəcək və ABŞ hökumətinin davranışları tam əks nəticə göstərəcək", - deyə o, bildirib.

İranın dini lideri Ayətullah Xamaneinin baş məsləhətçisi Əli Əkbər Vilayəti dünən verdiyi açıqlamasında Avropanın İranla bağlanan sazişi davam etdirmə məsələsində ziddiyyətli davrandığını söyləyib:

"Bəzi Avropa ölkələri bir tərəfdən nüvə sazişinin şərtlərinə əməl etdiklərini və İranla iqtisadi əlaqələri genişləndirmək istədiklərini, digər tərəfdən isə bu məsələdə ABŞ-a qarşı çıxa və İrana zəmanət verə bilməyəcəklərini bildirirlər. Avropalı rəsmilərin açıqlamaları şübhəlidir".

"Əl Cəzirə"nin xəbərinə görə, ABŞ Xarici İşlər Departamentinin rəhbəri Mayk Pompeonun İranla bağlı açıqlamaları rəsmi Vaşinqtonun İrandakı rejimi dəyişdirmək istəməsinin sübutudur.

Bunu Reuters-ə danışan iranlı ekspertlərdən biri də təsdiqləyib. Onun sözlərinə görə, ABŞ qanunsuz tələblərinə əməl etməsi və bunları qəbul etməsi üçün İrana təzyiq göstərmək istəyir. Pompeonun açıqlamaları ABŞ-ın İrandakı rejimi dəyişdirmək istədiyini açıq-aşkar sübut edir.