Xəbər lenti

Badridze:
Siyasət 16:09 17.09.2019

Badridze: "Tiflis Yerevana göstəriş vermir, Yerevan da fikrini özünə saxlasın"

Ermənistan Türkiyə, Azərbaycan və Gürcüstan arasında iqtisadi və enerji-nəqliyyat əməkdaşlığını gərginləşdirməyə davam edir. Erməni mətbuatının yazdığına görə, Ankara, Bakı və Tbilisi arasındakı geosiyasi dəhliz həm də hərbi ittifaqa çevrilir. Bu səbəbdən Ermənistan İranla münasibətlərini möhkəmləndirməlidir.

Bu məlumatı Ermənistanın "Telegram”dakı "ArmToday” kanalı yayıb.

Azərbaycan, Gürcüstan və Türkiyənin bu yaxınlarda keçirdiyi üçtərəfli birgə hərbi təlimlər də Yerevanı narahat edir. "Eternity-2019” hərbi təlimlərində Azərbaycan, Türkiyə və Gürcüstanın hərbçiləri iştirak etdilər və regional iqtisadi layihələrin müdafiəsini ehtiva edən tapşırıqlar yerinə yetirildi.

Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Kars dəmiryolunun təhlükəsizliyini təmin etmək üçün müştərək təlimlər və tapşırıqlar yerinə yetirildi.

Amma Ermənistanı daha çox Gürcüstanın təlimlərdə iştirakı narahat edir.

"Tbilisinin Bakı və Ankara ilə yaxınlaşması Yerevanda ciddi narahatlığa səbəb olub. Azərbaycan və Türkiyənin Ermənistana olan düşmən münasibətini nəzərə alanda, bu, təbii reaksiyadır”, - bunu erməni mənbələri qeyd edir.

Bununla yanaşı, Yerevanda əmindirlər ki, Bakı və Ankaranın, əsasən, strateji enerji və kommunikasiya layihələri vasitəsilə Gürcüstana iqtisadi təsirinə baxmayaraq, Tbilisi Ermənistanla münasibətləri pozmaq istəmir.

Media.Az məsələ ilə bağlı Gürcüstanın Böyük Britaniyadakı keçmiş səfiri, Gürcüstan Strateji və Beynəlxalq Tədqiqatlar Fondunun böyük elmi işçisi Georgi Badridze ilə söhbət edib.

- Gürcüstan, Azərbaycan və Türkiyə müttəfiq ölkələrdir. Bir sıra müştərək layihələr var. Bu yaxınlarda keçirilən hərbi təlimlərdə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmiryolunun təhlükəsizliyini təmin etmək məqsədilə tapşırıqlar yerinə yetirildi. Bu, növbəti dəfə Yerevanın əsəbi reaksiyasına səbəb oldu...
- Mən erməni qonşularıma Ermənistanın bizim şimal qonşumuzla sıx iqtisadi və hərbi əlaqədə olduğunu xatırlatmaq istərdim. Xatırlamıram ki, Gürcüstan Ermənistana kiminlə ittifaqa girib-girməmək məsələsində hansısa göstərişi versin. Bu səbəbdən Gürcüstan iqtisadi və siyasi maraqları fonunda qonşuları ilə strateji münasibətlərini daha da inkişaf etdirəcək.

Gürcüstan regional stabillikdə maraqlıdır. Biz düşünürük ki, əgər hərbi qarşıdurma faktı olmasaydı, Cənubi Qafqaz daha stabil, iqtisadi cəhətdən daha inkişaf etmiş olardı. Mən həm də Ermənistanla Azərbaycan arasındakı münaqişəni də nəzərdə tuturam.

Təəssüflər olsun ki, "Baltika yolu” (Baltikyanı ölkələr - Latva, Litva və Estoniya arasında əməkdaşlıq) əvəzinə, Cənubi Qafqazda məsələlər tamamilə başqa ssenari üzrə inkişaf edir.

Amma Gürcüstan qonşuları ilə münasibətlərini daha da inkişaf etdirməlidir. Yaxın gələcəkdə biz Ermənistanla da xoş münasibətə ümid edirim. Çox istəyirik ki, Azərbaycan, Gürcüstan və Ermənistanla birlikdə Cənubi Qafqazı daha da inkişaf etdirsin.

- Bəs Ankara, Bakı və Tbilisi arasındakı hərbi ittifaqdan qorxan Ermənistan barədə nə düşünürsünüz?
- Ermənistanda istənilən ciddi adam başa düşməlidir ki, Türkiyə, Gürcüstan və Azərbaycan arasındakı əməkdaşlıq kiminsə əleyhinə yönəlməyib. Bu əməkdaşlığın məqsədi təhlükəsizliyi təmin etməkdir. Təkrar edirəm, bu əməkdaşlıq inkişaf etməlidir.

- Bu yaxınlarda Gürcüstanda hökumət dəyişikliyi oldu. Parlament keçmiş Daxili İşlər naziri Georgi Qaxariyanın rəhbərlik etdiyi Nazirlər Kabinetinə səs verdi.
- Ölkədə real hakimiyyət Bidzina İvanişvilinin əlində cəmləşib. Nazir və Baş nazirin dəyişməsi heç nəyə təsir etmir. İstənilən halda, Gürcüstan öz yoluna davam edir. Azərbaycan və Türkiyə ilə yaxın əməkdaşlıq Gürcüstanın strategiyasıdır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->