Ölkə 15:09 11.07.2019

Bakı meriyası hərəkətə keçdi - Bu obyektlər dezinfeksiya olundu

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin estetik gözəlliyinin artırılması və mövcud olan ictimai iaşə obyektləri, köşklər, ticarət və digər mərkəzlərdə lazımı səliqə-səhmanın yaradılması istiqamətindən işlərə başlanılıb.
 
Qaynarinfo xəbər verir ki, Bakı şəhər Ticarət və Xidmət Departamenti tərəfindən rayonların ərazilərində yerləşən köşklər, ictimai-iaşə, məişət və digər obyektlərin vitrinləri yuyulub, onların qarşısındakı ərazilərdə abadlıq işləri aparılıb.

Obyektlərin ətrafı dezinfeksiya olunub. Obyektlərin estetik cəhətdən yenilənməsi, müasirləşdirilməsi, sakinlərimizin zövqünü oxşaması üçün tədbirlər görülür.

Eyni zamanda paytaxtdakı yaşıllıqların qorunması, onlara xidmət göstərilməsi məqsədi ilə Bakı şəhərinin rayonlarında mütəmadi olaraq iməcliklər keçirilir, əkilən ağac, kol və güllərə qulluq göstərilir, yol kənarları quru otlardan təmizlənir, yeni-yeni yaşıllıq zonaları yaradılır.

Bu istiqamətdə aparılan işlər davam etdirilir.