Ölkə 15:34 02.05.2013

Bakı Metropolitenində 5 yeni vaqon - FOTO

Hazırda vaqonlarda son sazlama işləri aparılır və qatar depo yollarında sınaqdan çıxarılır.

Ötən ilin sonlarında əsaslı təmir və modernləşdirmə məqsədilə Tbilisi elektrik qatarlarının təmiri zavoduna göndərilmiş bir qatar tərkibini formalaşdıran 5 vaqon artıq "Nərimanov" elektrik deposuna gətirilib. Anspress-in Bakı Metropolitenin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda vaqonlarda son sazlama işləri aparılır və qatar depo yollarında sınaqdan çıxarılır.

Depo rəisinin təmir üzrə müavini Aydın Bəkirov qeyd edir ki, 25 ildən bəri istismarda olan bu vaqonların əsaslı təmirə ehtiyacı var idi. Yeni texnologiyaların tətbiqi səbəbilə bir çox ehtiyat hissələrini tapmaq və ya onlara qulluq etmək də xeyli çətinləşib. Buna görə də vaqonların modernləşdirilməsi də zamanın tələbinə çevrilmişdi.

Mütəxəssisin sözlərinə görə, yenilənmə zamanı əsas diqqət işçi hissələrə yönəldilmişdi. Bu sırada onun qeyd etdiyi əsas dəyişiklik akkumulyator batareyaları və qidalanma bloku ilə bağlıdır. Bu sistemin əsas vəzifəsi sərnişin salonunu işıqlandırmaq və akkumulyator batareyalarını doldurmaqdır:- Yeniliyin üstünlüklərindən çox söz açmaq olar. Ən vacibi, onlar yeni nəsil istehsalıdır, qulluğu və istismarı xeyli sadə və asandır. Yəqin ki, qatar stansiyada dayananda, sərnişinlər də uğultuya bənzər kiçik səs-küy eşidirlər. Bu səs məhz həmin sistemdən yaranır. Həmin vaqonlarda artıq bu səs-küy olmayacaq.

Dəyişdirilən avadanlıq və detallar dünyanın aparıcı müəssisələrinin istehsalıdır. Buna misal olaraq, İsveçrə istehsalı olan tezaçılan açarları göstərmək olar. Akkumulyatorlar isə Almaniyada buraxılır - mayesiz, az həcmli, lakin daha məhsuldardır.

Sərnişinlərin hiss edəcəyi dəyişikliklər sırasında vaqonun yeniləşmiş xarici və daxili rəng boyasını, maşinist kabinəsindəki elektron istiqamət göstəricisini qeyd etmək olar:- Əlbəttə, bu tip yeniliklər ovqat yaradır, amma tətbiq edilən dəyişikliklər həm də praktiki əhəmiyyət kəsb edir və ilk növbədə təhlükəsizlik məqsədi daşıyır. Döşəmə və tavanın müasir və odadavamlı materiallarla təchiz olunması xüsusi qeyd oluna bilər. Əsaslı salon dəyişiklikləri sırasında tutacaqların pasdan təmizlənməsi, oturacaqların antivandal yumşaq materialdan olması göstərilə bilər. Tavandakı hava kanalı da köklü şəkildə dəyişdirilib. Estetik görkəm alması, həm də çirklənməsinin qarşısının alınması üçün kanalın üzəri xüsusi şəbəkə lövhə ilə örtülüb. Ümumən salonun plastikası əvvəlkindən tam fərqlənir.

A.Bəkirov qeyd edir ki, qapılar da əvvəlkindən fərqli olaraq daha etibarlıdır. Onun silindrləri modernləşdirilib, qapı asılqanında əvvəlki separator sisteminin əvəzinə, diyircəkli yastıqlar qoyulub.

Dizayn fərqləri baş vaqonun xarici görkəmində də əks olunub. Maşinist kabinəsinin ön şüşələri daha etibarlı və təhlükəsizdir. İsti və soyuq hava şəraitinə asanlıqla uyğunlaşır və deformasiyaya uğramır. Məşhur «Şevrole» şirkətinin istehsalı olan bu ikiqat şüşələrin daxili qoruyucu təbəqəsi var.Yan güzgülər də həm ölçülərinə, həm də funksionallığına görə tam fərqlidir. Maşinist güzgü şüşələrini idarəetmə pultundan avtomatik tənzimləyə və idarə edə bilir.

Kabinənin özündə də əsaslı yeniləşmə var. Yumşaq kreslo diqqəti çəksə də, ən vacib yeniliklər idarəetmə ilə bağlıdır. Maşinist idarəetmə sistemi artıq tamamilə elektronlaşdırılıb. Sxem və sistemlərin, rele və blokların əvəzinə daha yığcam və elektron sxemlər tətbiq olunub.

Sürətin avtomatik tənzimlənməsində və lokomotiv idarəetməsində təmassız (BARS) sistemlər tətbiq olunub.Vaqonaltı avadanlıqlar da əsaslı surətdə yenilənib. Bu sıradan elektrik, mexaniki və pnevmatik hissələr, arabacıq tam defektoskopiya müayinəsindən keçirilib. Aydın Bəkirov bu sırada ən vacib işlərin elektrik sistemi ilə bağlı olduğunu deyir. Vaqonların naqil sistemi tam dəyişdirilib. Bu istər yüksək, istərsə aşağı gərginlikli naqillərin hamısını əhatə edən yeniləşmədir.

- Belə yenilikləri çox saymaq olar. Lakin, ən vacibi, bu modernləşdirilmə idi. Uzun illər əvvəl olsa da, metropolitendə vaqonların əsaslı təmiri aparılmışdı. Lakin ilk dəfə idi ki, belə modernləşdirilmə bu həddə aparılırdı. Bunun sayəsində daha bir qatar tərkibinə qulluq xeyli asanlaşacaq, sərnişinə xidmət səviyyəsində də bu, əksini tapacaq.

Qaynar.info