Foto 22:45 06.04.2018

Bakı Metropoliteninə məxsus mikroavtobus qəzaya uğrayıb (VİDEO)

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza Akif Hüseynov ad-soyadlı şəxsin idarə etdiyi Bakı Metropoliteninə məxsus "Hyundai" markalı mikroavtobusun Zabrat şosesində işıqforun yaşıl işığından sola dönən zaman qeydə alınıb.

Həmin vaxt yüksək sürətlə gələn 1990-cı il təvəllüdlü Ramazanov Əlibala Ağabala oğlu idarə etdiyi "10-CK-766" dövlət qeydiyyat nişanlı "VAZ-2106" markalı minik avtomobili ilə mikroavtobusa çırpılıb. Nəticədə Ə.Ramazanov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Bakı Metropoliteni əməkdaşının "Report"a verdiyi məlumata görə, "VAZ"ın sürücüsü yüksək sürətlə hərəkət edib. Sürücünün yaxınları buna etiraz etdikləri üçün tərəflər arasında mübahisə düşüb.

Faktla bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Avtotexniki ekspertiza təyin edilib.