Ölkə 21:16 29.12.2017

Bakı polisi paytaxt sakinini İŞİD yaraqlıları arasında tapdı

Bakıda itkin düşmüş gənc kişi Suriyada İŞİD beynəlxalq terror təşkilatının yaraqlıları arasında aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə oxu.az-a paytaxtın Xətai rayonunun hüquq-mühafizə orqanlarından bildiriblər.

Məlumdur ki, 1981-ci il təvəllüdlü Hüseynov Mehman Tariyel oğlu hələ 2014-cü ilin dekabrında itkin düşüb.

Hüseynovun anası - 1954-cü il təvəllüdlü Nailə İbrahimova yaşadığı Xətai rayonunun 36-cı polis bölməsinə müraciət edərək, hüquq-mühafizə orqanlarının əməkdaşlarını itkin düşmüş oğlu barədə məlumatlandırıb.

Aparılmış istintaq zamanı Hüseynovun Azərbaycandan kənarda silahlı birləşmələrə qoşulması, daha dəqiqliklə, Suriyada Bəşər Əsədin ordusuna qarşı döyüşən yaraqlılara qoşulması barədə güman formalaşıb. Lakin bu məlumat yalnız indi təsdiqlənib və dekabrın 28-də işin materialları təhqiqat aparılması üçün müvafiq strukturlara göndərilib. Hüquq-mühafizə orqanlarınının əməkdaşlarının hazırda Hüseynovun sağ olub-olmaması barədə məlumatları yoxdur.

Qeyd edək ki, xarici dini mərkəzlər Azərbaycanda gəncləri öz tərəflərinə çəkmək üçün sosial şəbəkələrin imkanlarından aktiv iştirak edirlər. 2017-ci ildə yad cərəyanların nümayəndələri ilə mübarizə çərçivəsində Azərbaycanda 16 terrorçu məhv edilib. Keçirilmiş xüsusi əməliyyatlar nəticəsində 21 nəfər saxlanılıb və cinayət məsuliyyətinə cəlb olunub.

AR-ın Dövlət Təhlükəsizli Xidmətinin əməkdaşlarının sayəsində ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrdə iştiraka görə 258 nəfər Azərbaycan vətəndaşlığından məhrum edilib.