Ekonomiks 09:56 19.11.2013

Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edildi

 
Sərnişin daşımalarında iqtisadi səmərəliliyin artırılması, təsərrüfata çəkilən xərclərin azaldılması, sərnişinlərin rahatlığının təmin edilməsi və onlara göstərilən xidmət səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə sərnişin qatarlarında dəyişikliklər aparılacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, 1 dekabr 2013-cü ildən 662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı ləğv edilərək 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarının marşrutu Qazax stansiyasınadək uzadılacaq və "98-97 №-li Bakı-Ağstafa-Qazax-Bakı sürət qatarı" adlandırılacaq.

Qatar 10 vaqondan ibarət olacaq və sərnişin axını olarsa, qatara əlavə fakultativ vaqonlar qoşulacaq.

662-661 №-li Bakı-Qazax-Bakı sərnişin qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Qazaxdan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcək.

Həmçinin 98-97 №-li Bakı-Ağstafa-Bakı sürət qatarı Bakıdan axırıncı dəfə 30 noyabr 2013-cü ildə, Ağstafadan geriyə isə 1 dekabr 2013-cü ildə yola düşəcəkdir.

Eyni zamanda 38-37 №-li Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında sərnişin sıxlığının artırılması məqsədilə Bakı-Böyük Kəsik-Bakı sahəsində bu qatar üçün xüsusi yerli tarif tətbiq ediləcəkdir.


Qaynar.info