Ölkə 11:56 07.08.2017

Bakı sakinlərinin cavabı: "Kimi tapdun sən?" (SORĞU)

"Deyir, həyatda vurdun biri-birinə

Kimi tapdun sən?"

Bu misralar bu gün uşaqdan-böyüyə hamının dilinin əzbəridir. Komediya filmindən hər kəsin dilinə düşmüş "qəzəl"in sözlərindən sosial mediada da tez-tez istifadə olunur.

"Qəzəl"in məşhurluğunu nəzərə alıb, üz tutduq "Zabitlər parkı"na və Bakı sakinlərinə "Kimi tapdun sən?" deyə müraciət etdik. Cavablar da gözlədiyimiz kimi fərqli və maraqlı alındı.

Əvvəlcə parka ayaq basdığımız andan bizi süzən Nizami bəyə yaxınlaşdıq. 

- Sorğu keçiririk. İştirak etmək istərdiniz?

- Buyurun.

Həyatınızda “Yaxşı ki, onu tapdım” dediyiniz insan, əşya, fürsət, məfhum nə olub? 

“Dini... İslamiyyəti tapmışam. Yaşamağı öyrədib mənə” deyən müsahibimiz fikrə getdi. Biz də onu fikirləriylə baş-başa qoyub səssizcə uzaqlaşdıq. 


Biraz irəliləmişdik ki, oturacaqda oturan və bütün diqqətini nəvəsi Raula yönəldən nənəni gördük. 

- Salam, sorğuda iştirak etmək istəyərsiniz? 

- Salam, qızım. Sualınız nədir?

Həyatınızda “Yaxşı ki, onu tapdım” dediyiniz insan, əşya, fürsət, məfhum nə olub?


Qucağında atılıb-düşən körpənin səsindən çətinliklə eşitdiyimiz Növrəstə xanım çöhrəsində xoş təbəssümlə: “Nəvəm Raulu tapmışam. Bütün vaxtımı onunla keçirirəm. O mənim həyatımdı”.

Cümləsini bitirdi və nəvəsinə elə böyük sevgi ilə baxıb öpdü ki, insan sadəcə susub o sevginin ətrafa yaydığı enerjini hiss etmək istəyirdi. Başımızın bu mənzərədən zövq almağa qarışdığı bir vaxtda qoluma kiminsə toxunduğunu hiss etdim. O kimsə rəssam Sona Ələsgərova idi. 

-  Salam, bağışlayın, siz hardan gəlmisiniz? 

-  Salam, biz jurnalistik. “Qaynarinfo” saytından gəlmişik. 

Qəribə bir sevinc hissi ilə gözləri güldü və “Mənim də şəklimi çəkə bilərsiniz?”, - dedi.

- Əlbəttə. Sorğuda iştirak etmək istəyirsiniz?

- Sual nədir? 

Həyatınızın tapıntısı nədir? 

- Rəsm, incəsənət... 4 yaşımdan bu işlə məşğulam. Şüşə üzərində çəkirəm. Əgər ləvazimatlarım yanımda olsa, buradaca sizin şəklinizi çəkərdim. Mənim yoldaşım da rəssam olub. Səttar Bəhlulzadənin dostu idi. Eh, incəsənət mənim həyatımdır.


Sona xanımla sağollaşıb ətrafdakı səyyar satıcılara yaxınlaşdıq. Sualımıza cavab vermək istəsələr də, fotodan imtina etdilər. Biz də fotosuz sizin, oxucuların marağını çəkməyəcəyini fikirləşdik və özümüzə başqa həmsöhbət axtardıq. Amma indi düşünürəm ki, onların cavabını fotosuz da təqdim edə bilərdim... 

Növbəti həmsöhbətimiz 18 yaşlı Vüsal oldu. Vüsal parkdakı atraksionlara nəzarət edir. Əvvəl utansa, sorğuda iştirak etmək istəməsə də, söhbət əsnasında razılığını ala bildik. Vüsal isə ənənəvi sualımızı belə cavablandırdı: “Həyatda ən böyük tapıntım həyatımın sevgisini tapmağım olub”.


Tam olaraq yaşına uyğun cavab verən Vüsal, “Amma, o artıq yoxdur”, deyə əlavə etdi. Qəmgin notlardan çıxmaq üçün bayaqdan sakitcə bizi dinləyən Seyfəliyə ünvanladıq sualımızı: 

- Düzdür, yaşın azdır. Amma yenə də bu yaşına qədər ən yadda qalan tapıntın nə olub? 

- Keçən il məsciddə yerdən 350 manat tapdım. Amma sahibini tapıb qaytardım. Çünki ən azı məsciddə idim.


Xoş aura ilə gənclərlə sağollaşıb oturacaqda fikirli, tək əyləşən Asif bəyə yaxınlaşdıq. 

Həyatınızda “Yaxşı ki, onu tapdım” dediyiniz insan, əşya, fürsət, məfhum nə olub?

Əli ilə başına dəstək verib bir az düşündü və sakit səs tonu ilə, “Heç nə”, - dedi.

- Asif bəy, bəs ailəniz, övladlarınız? 

- Yox, mən bu həyatda heç nə tapmadım...


Rabitə işçisi olan Asif bəydən də uzaqlaşdıq. Qarışıq duyğular içərisində, qarışıq fikirlərlə yolumuza davam edirdik. Yolüstü qarşımıza çıxan kafedə əlimizi yumaq üçün ofisiantdan icazə istədik. Elə su başında ofisiantdan həyatının tapıntısını soruşduq. Gülümsədi və içəridən dostunu səsləyib: “Gəl sən cavab ver, çəkib internetə qoysunlar. Cəlilabadda məşhurlaş”. Ancaq dostu nədənsə Cəlilabadda “məşhurlaşmaq” istəmədi. Biz də müraciət etdik kafenin aşbazına: Gülcahan xanımın cavabı belə oldu: 

- Yoldaşımı, övladlarımı tapmışam, evimi tapmışam. Halal zəhmətimlə qazanmışam.


Artıq parkın çıxışına doğru irəliləyirdik ki, gözümüz otluqda süfrə açıb istirahət edən ailəyə sataşdı. İnsana özünü kənddə hiss etdirən süfrənin sahiblərini tanımadan keçə bilməzdik.

- Salam. İcazə versəydiniz istirahətinizi bölüb sizdən sorğumuzda iştirak etmənizi xahiş edərdik.

İki cavan xanım, bir uşaq, bir orta yaşlı xanım, yəni 4 cüt göz şübhəli baxışlarla bizə baxdı. Saytımızı və məqsədimizi izah etdikdən sonra xanımlar istəməsə də, yaşı orta, ruhu gənc, aurası pozitiv Sevda xanım fotoaparatımıza pozalar verməyə başladı. 


Sevda xanım, həyatınızda “Yaxşı ki, onu tapdım” dediyiniz insan, əşya, fürsət, məfhum nə olub?

- Amerika... 40 yaşımda əlimdə olan hər şeyi atdım və Amerikaya getdim. Arxamdan çox şey dedilər, danışdılar. Qaçdı, getdi və s. Ancaq bacardım. İndi də istirahətə, uşaqlarımı görməyə gəlmişəm. Qısacası, mən hər şeyimi itirdim, Amerikanı tapdım. 

Nərmin Həsənli

Foto: Sultana Əhmədbəyli

Qaynarinfo.Az