Foto 16:26 21.12.2017

Bakı vağzalında bomba tapılmadı (YENİLƏNİB/FOTOLAR)

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yalan çıxıb.

"Report”un məlumatına görə, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub.

 Bakı Dəmir Yolu Vağzalının binasındakı qurumların fəaliyyəti bərpa olunub.

Binaya bomba qoyulması barədə yalan məlumat verən şəxsin kimliyi araşdırılır.
 
***
15.48

Fövqəladə Hallar Nazirliyi Bakı Dəmiryol vağzalının ərazisinə partlayıcı qurğu qoyulması ilə bağlı məlumata dair açıqlama yayıb.

Qaynarinfo FHN-nin saytına istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.  

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

*** 
14.22
 
Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə daxil olan məlumatla əlaqədar qatarlara bilet satışı dayandırılıb.

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, vağzaldan bütün qatar reysləri təxirə salınıb. 

Bakı-Sumqayıt qatarı da vaxtında yola düşə bilməyib. 

Qeyd edək ki, Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə məlumat vağzalın məlumat mərkzəinə saat 12 radələrində daxil olub. 

***
13.40

Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması barədə polisə məlumat daxil olub.

"Report"un əməkdaşı xəbər verir ki, bombanın vağzalın ikinci mərtəbəsində yerləşən restoranın içinə qoyulduğu bildirilib.

"Azərbaycan Dəmir Yolları” QSC-nin, "ASAN Xidmət”in işçiləri və vətəndaşlar binadan təxliyyə olunub. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının əməkdaşarı hadisə yerindədir.

Axtarışlara təlim görmüş itlər də cəlb edilib.