Ölkə 21:12 07.05.2013

Bakıda 4 uşaq atası özünü yandırdı (FOTO)

Binəqədi rayonunda dəhşətli hadisə baş verib

Bu gün günorta saatlarında Binəqədi rayonunda dəhşətli hadisə baş verib. Sərvər adlı şəxs (soyadını dəqiqləşdirmək mümkün olmayıb) üstünə benzin tökərək özünü yandırıb. O bunu küçədə, camaatın gözü önündə edib. Ətrafdakılar onun alovunu güclə söndürürək təcili yardım çağırıb.

İntihara cəhd edən şəxsin 5 saylı xəstəxanaya çatdırılmasına şahid olan “Azadlıq” əməkdaşları onun fotoşəkillərini çəkiblər. Onlar Sərvərin başdan ayaqlarına qədər yandığını bildirib.

Sərvər dərhal reanimasiya şöbəsinə alınıb. İçəridən verilən məlumata görə, o, ilk vaxtlarda anlaqlı olub, su istəyib, qardaşına zəng vurulması üçün xahiş edib. Sonradan isə xəstə şok keçirib.

Xəstəxananın yanıq şöbəsinin müdiri Həmzə Əzizbəyovun bildirdiyinə görə, xəstənin vəziyyəti son dərəcə ağır olaraq qalır. Sərvərin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

“Azadlıq” qəzetinin əldə etdiyi bilgilərə görə, 42 yaşlı Sərvər ustalıqla məşğul imiş. Onun intiharının səbəbi isə külli miqdarda borcu ilə əlaqədardır. Sərvərin 4 azyaşlı uşağı var.

Qaynar.info