Foto 13:16 18.10.2019

Bakıda “Yaşıl guşələr”in yaradılmasına qarşı çıxan sahibkarlar var (RƏYLƏR)

Ötən ay Bakı şəhərinin yaşıllıq vəziyyətinin keyfiyyətcə daha yüksək səviyyəyə çatdırılması və paytaxtın estetik görünüşünün yaxşılaşdırılması məqsədi ilə "Yaşıl guşələr”in yaradılması və qorunması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq Sərəncam imzalanıb.

"Report” xəbər verir ki, sərəncamla paytaxtda yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında "Yaşıl guşələr”in yaradılması sahibkarlara, müəssisə və təşkilat rəhbərlərinə tövsiyə edilib.

Dünya praktikasında yaşıllaşdırma sahəsində uğur qazanmış şəhərlərin təcrübəsi onu göstərir ki, bu işə iş adamları, müəssisə rəhbərləri hətta ayrı-ayrı vətəndaşlar qoşulduqda daha gözəl nəticələr əldə olunur.

Bəzi iş adamları, müəssisə rəhbərləri, ayrı-ayrı şəxslər bu təşəbbüsə fəal qoşulublar. Az müddət ərzində yol kənarlarında, obyektlərin qarşısında göz oxşayan yaşıl guşələr salınıb.



Təəssüf ki, bu işlərə biganə qalanlar da olub. "Yaşıl Bakı” təşəbbüs qrupu bu təşəbbüsə qoşulan və qoşulmayan obyektlərin qarşısından görüntülər də yayıb. Qrupdan bildirilib ki, bəzi iri obyektlər bu işlərə çox etinasız və səhlənkar yanaşıb: "Vətənini və şəhərini sevən hər bir insan şəhərin yaşıllaşdırılmasına öz töhfəsini verməlidir. Bu işlərə etinasız yanaşan, yalnız öz mənfəətini güdən, paytaxtın görünüşünə və ekoloji vəziyyətinə biganə qalan obyekt rəhbərləri və onların əsl sahibləri barədə ictimaiyyətə məlumat veriləcək və onlar qınaq obyektinə çevriləcəklər”.

"Report”un müraciət etdiyi ekspertlər bu təşəbbüsü dəstəklədiklərini bildiriblər.

"Rüzgar” Ekoloji İctimai Birliyinin (İB) sədri İslam Mustafayev "Report”a açıqlamasında bildirib ki, yaşıllıqların salınmasından çox onu qoruyub saxlamaq prioritet olmalıdır: "Ancaq bu gün də ölkədə yaşıllıqların qırılması davam edir. Bu, çox pis haldır. Yaşıllıqların artırılması istiqamətində görülən işlər də az deyil. Bu da sağlam həyatla yanaşı, Bakıda atmosfer havasının keyfiyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bakı şəhərinin qumlardan, tozlardan, avtomobillərin zərərli tüstülərindən qorunmaq üçün bu addımı alqışlayıram. Təbii ki, bu cür işlər tək hökumət orqanlarının deyil, yaşıllıqların qorunub-saxlanılması, becərilməsi həm də ümumxalq işinə çevrilməlidir. Çünki sağlamlıq ən ümdə vəzifədir”.

İB sədri qeyd edib ki, bu gün paytaxtda fəaliyyət göstərən hər hansı ticarət və ya iaşə obyektlərinin qarşısında az sayda yaşıllıq sahələri var: "Bəzi sahibkarlar bir qarış yerin artıq olmasını üstün tutur. Bunun qarşısını almaq və yaşıllıq sahələrini genişləndirmək lazımdır. Nisbətən iri sənaye obyektlərinin ərazisində ağac zolağının salınmasına ciddi fikir verilməlidir. Hər kəsə öhdəliklər vermək lazımdır. Müəyyən orqanlar bu işi öz üzərinə götürməlidir. Yaşıllıq sahəsi olan obyektlərin ərazilərini də qorumaq və həmin yaşıl guşəyə mütəmadi şəkildə qulluq etmələri vacibdir. İnsanlara da başa salmaq lazımdır ki, həmin yerlərdəki yaşıllıqları qırmasınlar. Daha vacib məsələ yaşıllıq salınan ərazilərdə sulama sistemlərinin qurulmasıdır. Damcılı suvarma sistemlərinə üstünlük verilsə yaxşı olar. Bununla su sərfiyyatına qənaət etmək olar”.



"Ekoloji İnformasiya” İctimai Birliyinin sədr müavini, ekoloq Xosrov Musayev də "Report”a açıqlamasında yol kənarları, idarə, müəssisə, ictimai iaşə, ticarət və digər obyektlərin qarşısında yaşıllıqların az olmasından təəssüfləndiyini deyib.

Onun sözlərinə görə, qanunvericiliyə görə ticarət obyektinin ətrafında 5 metr radiusunda bütün təmizliyə, ağac əkilməsinə sahibkar cavabdehdir: "Təəssüf ki, bunu bir çox sahibkar etmir. Belə yerlərdə ağac əkilməsi, yaşıllığın salınması yay fəslində isti havada həmin ərazilərdə temperatur 5 dərəcə aşağı düşür. Bu gün də dünyada qlobal istiləşmə gedir. Yaşıllıq həm də atmosferə atılan karbon qazını alıb oksigen bolluğu yaradır. Bakıda da insan və avtomobil sıxlığı müşahidə olunduğundan problem özünü daha qabarıq formada büruzə verir”.

X.Musayev əlavə edib ki, Bakı meqapolis şəhər sayıldığından yaşıllığın salınması həmin ərazinin mikroiqlimini də təsir edir: "Paytaxtda və regionlarda yaşayan insanların rəngində belə fərq müşahidə olunur. Bakıda yaşayanlar ancaq zəhərli hava udduqlarına görə insanların sağlamlıqlarında ciddi fəsadlar yaranır. Şəhər əhalisində demək olar ki, ağciyər və onkoloji xəstəliklər çoxalır. Yaşıllıqların salınması bir növ mühitin sağlamlaşdırılması deməkdir. Ona görə də sahibkarlardan yaşıllıqların salınması mütləq tələb olunmalıdır”.

Ekoloq vurğulayıb ki, yaşıllıqların salınması estetik baxımdan gözəl görünməklə yanaşı, insan sağlamlığı üçün mühüm rol oynayır: "Əgər sahibkar bu işə əməl etmirsə, ilk növbədə maarifləndirmək lazımdır. Yox, bu da heç bir nəticə vermirsə, onu cərimələk lazımdır”.