Bakıda vətəndaşların avtomobilləri onlardan xəbərsiz qaçaq yolla ölkədən çıxarılıb. Bu işi görənlər arasında vəzifəli şəxs də olub. Həmin şəxslər cinayət məsuliyyətində cəlb edilib.
Bu ağlasığmaz əməlləri törədən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsində baş tutub.
Musavat.com xəbər verir ki, qaçaqmalçılıqda təqsirləndirilən Əliyev Anar Məcid oğlu, Abdurrəhmanov Faiq Fəxrəddin oğlu, Dadaşov Rəşad Vilayət oğlu, Rzayev Arif Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Anar Əliyev, Faiq Abdurrəhmanov və Rəşad Dadaşov Cinayət Məcəlləsinin 206.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar qaçaqmalçılıq) maddələri ilə təqsirli biliniblər.
Məhkəmənin hökmü ilə A.Əliyev 3 il 2 ay, F.Abdurrəhmanov 5 il, R.Dadaşov isə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası alıblar.
Rzayev Arif Fəxrəddin oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onların hər birinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəzaları şərti hesab edilib.
Hökmə əsasən təqsirləndirilənlər qabaqcadan əlbir olan bir qrup şəxs halında ayrı-ayrı şəxslərin mülkiyyətində olan maşınları gömrükdən qaçaqmalçılıq yolu ilə keçirmək barədə razılıq əldə ediblər.
Razılığa əsasən Anar Əliyev istintaqa məlum olmayan şəraitdə əldə etdiyi, heç bir mülkiyyət hüququ olmayan bir neçə maşını Azərbaycan ərazisindən qaçaqmalçılıq yolu ilə çıxarmağı planlaşdırıb.
Bu məqsədlə o, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin "Sərhəddə icazə balanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Arif Rzayevdən xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən maşınların sıxlığına görə özünə məxsus olduğunu dediyi maşınların sənədləri təqdim etmədən növbədənkənar rəsmiləşdirməsini xahiş edib.
Anar Əliyev maşınların öz mülkiyyətində olması barədə yalan məlumatlar verərək vəzifəli şəxs olan Arif Rzayevin qulluq mənafeyi tələb etiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək maşınların sənədlərini tələb edib yoxlamadan elektron imza kartı ilə Dövlət Gömrük Komitəsinin "Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi” informarsiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil edib. Və maşınları A.Əliyevin adına "müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında maşınların Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postundan keçməsinə şərait yaradıb. Beləliklə də maşınları Gürcüstan istiqamətinə keçirməklə qaçaqmalçılıq ediblər.
Məhkəmənin hökmündən təqsirləndirilən şəxslər, zərərçəkmişlər apellyasiya şikayəti, dövlət ittihamçısı isə apellyasiya protesti verib.
İş üzrə zərərçəkmiş şəxslərdən biri də Kərim Hüseynovdur.
Ona məxsus olan və bankda ipoteka yüklü edilmiş, 70 min manat dəyərində "Lexus LX-570” markalı avtomobil qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılıb.
K.Hüseynovun vəkili Hafiz Ələsgərov apellyasiya şikayətində qeyd edib ki, ibtidai istintaqda və birinci instansiya məhkəməsində işə düzgün qiymət verilməyib:
"Müdafiəçisi olduğum Kərim Hüseynovun hüquqları kobud şəkildə pozulub. Ona qarşı mütəşəkkil dəstə tərəfindən dələduzluq cinayətinin törədilməsi faktının olmasına baxmayaraq, istər ibtidai istintaq orqanı, istərsə də birinci instansiya məhkəməsi bu xüsusata hüquqi qiymət vermədi. Mütəşəkkil dəstənin digər üzvlərinin məsuliyyətdən yayındırılmasına şərait yaradıldı”– deyə vəkil şikayətində qeyd edib.
Vəkil apellyasiya şikayətində yazır ki, təqsirləndirilən şəxs Anar Əliyev ifadəsində maşınların gömrükdən keçirilməsində Arif Rzayevin kömək etdiyini göstərib: "Həmçinin Anar Əliyev Əyyub adlı tanışının ondan başqa şəxslərin maşınlarını da gömrükdən keçirməyi xahiş etdiyini söyləyib. Yəni, aydın olur ki, Anar Əliyev vətəndaşlara qarşı dələduzluq cinayətinin törədilməsində də yaxından iştirak edib. İş materiallarından da görünür ki, Anar Əliyev bu əməllərini digər təqsirləndirilən şəxslərlə birgə həyata keçirib. Digər şəxslərin ifadələri də bunu təsdiq edir. Cinayət Məcəlləsinin 34.3-cü maddəsinə əsasən bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab edilir.
Zərərçəkmiş şəxs Kərim Hüseynov və digərlərinin mülkiyyətində olan maşınlar 2014-cü ilin müxtəlif vaxtlarında dələduzluq yolu ilə ələ keçirilib. Və daha sonra ölkə sərhədindən çıxarılıb”.
Vəkil yuxarıda yazılanları nəzərə alaraq apellyasiya məhkəməsinə ünvanladığı şikayətdə yazıb:"Məhkəmədən təqsirləndirilən şəxslərin əməlləri barədə istintaq aparılması üçün baş prokurora məlumat verilməlisini, Arif Rzayev barəsində 308.2-ci maddə ilə maksimum həddə cəza təyin edilməsini, onun əməllərində digər cinayətlərin olmasının nəzərə alınmasını və Əyyub adlı şəxs barəsində də istintaq həyata keçirilməsi üçün baş prokurora məlumat verilməsi haqda xüsusi qərar çıxarılmasını xahiş edirəm”.
Məlumata görə, Anar Əliyev maşınını satan ayrı-ayrı şəxslərin etibarını qazanıb. Onlara maşınlarını almaq üçün müəyyən miqdarda beh olaraq pul verib. Həmin ərəfədə isə maşınları ölkə sərhədindən çıxarıb.
Qaynarinfo.Az
Şərhlər