Ölkə 13:40 26.01.2013

BAKIDA DAHA BİR AKSİYA BAŞLADI (FOTO)

Aksiyaya səbəb fəhlələrə verilən qidadan bir neçə nəfərin zəhərlənməsidir

Şəhidlər Xiyabanının yaxınlığında ucaldılan, hazırda inşası davam edən “Alov Qüllələri”ndə çalışan fəhlələr etiraz aksiyası keçirir. APA-nın məlumatına görə, fəhlələr onlara keyfiyyətsiz yemək verilməsinə etiraz edirlər. Aksiyada təxminən 100-ə qədər fəhlə iştirak edir.

Onların sözlərinə görə, son iki gündə fəhlələrə verilən keyfiyyətsiz qidadan bir neçə nəfər zəhərlənərək xəstəxanalara yerləşdirilib. Aksiya iştirakçıları Parlament prospektində nəqliyyatın hərəkətini dayandırmağa cəhd ediblər. Lakin bu cəhdin qarşısı polis tərəfindən alınıb.

Hazırda aksiya kompleksin həyətində davam etdirilir. Tikintini həyata keçirən şirkətin rəhbərliyi aksiya iştirakçıları ilə danışığa cəhd edir. Əraziyə əlavə polis qüvvələri göndərilib. Səbayel rayonu 9-cu polis bölməsindən APA-ya faktı təsdiqləyiblər.

DİN Alov Qüllələrindəki aksiyaya münasibət bildirdi


Bakıdakı "Alov Qüllələri"nin işçilərinin keçirdiyi aksiya ilə bağlı Daxili İşlər Nazirliyi münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-a açıqlamasında deyib ki, müəyyən mübahisəni həll etmək üçün fəhlələr yolu bağlayırlarsa, xüsusilə də hərəkətin intensiv olduğu yol bağlanırsa, təbii ki, bunun qarşısı alınır.

“Hər bir işçi tərəfindən ictimai asayiş pozulursa, polis tərəfindən lazımi tədbirlər görülüb qarşısı alınacaq”.