Ölkə 11:07 08.02.2014

Bakıda evləri sökülən sakinlər kompensasiya ilə razılaşmırlar - VİDEO

Belə olan təqdirdə sakinin ev ala bilməsi nə qədər realdır?

Paytaxtda növbəti söküləcək ərazi hamının “Sovetski” kimi tanıdığı yaşayış sahəsidir. Anspress xəbər verir ki, plana əsasən ərazidə 10 mindən çox ev söküləcək.

Ev sahiblərinə isə yaşayış sahəsinin hər 1 kvadratmetrinə 1500 manat veriləcək. Araşdırmaya görə, sakinlər təklif olunan şərtlərlə razı olmur, ərazidə yaşayanlardan biri, keçmiş prokuror  91 yaşlı Eynal Əliyev deyir ki, bu binanın 116 yaşı var və 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb, həmçinin sökülməyəcək binalar siyahısına aid edilib. 100 kvadratmetr sahəsi olan 4 otaqlı evinin sökülməsi xəbəri isə onu sarsıdıb.

“Mənə pul versələr də gedib ev axtarıb almağa sağlamlığım imkan vermir”. Sakinlər veriləcək məbləğin müqabilində şəhərin mərkəzində bu cür evə sahib ola biləcəklərinə heç də inanmır. Nəzərə alsaq ki, elə bu məntəqədə mənzillərin hər kvadratmetri 2500-3000 manatadır, bu zaman təklif ilə tələb arasında böyük ziddiyyət yaranır.

Digər sakin Natiq Səlimovun  evi isə 10-15 kvadratmetr arasında dəyişir. Ona veriləcək pulun məbləği 18 000 manatdır. Belə olan təqdirdə sakinin ev ala bilməsi nə qədər realdır?

Yasamal rayon icra hakimiyyətində, vəzifəsini təqdim etmək istəməyən Təranə İbişova bildirdi ki, təkcə evlərin daxili hissəsi deyil, sakinin adına özəlləşdirilən həyətyanı sahələr varsa, bu zaman həmin yerlər də dəyərləndiriləcək. 

Qaynar.info