Ölkə 16:12 26.01.2013

Bakıda gənclərdən etiraz aksiyası (FOTOLAR)

Bakıda bir qrup gəncin etiraz aksiyası başlayıb. Aksiya “Binə” Ticarət Mərkəzi və İsmayıllı rayonlarında baş verən son hadisələrə etiraz məqsədi daşıyır. Aksiya Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmayıb. Aksiyanın başlamasına az qalmış təşkilatçılar sosial şəbəkələrdə aksiyanın keçiriləcəyi ərazinin dəyişdirildiyi barədə məlumat yayıblar. Onlar aksiyanın Sahil bağında keçiriləcəyini bildiriblər.

Bundan sonra polis Sahil Bağını da nəzarətə götürüb.

Aksiya etirazçılar «İsmayıllı oyaqdır, Bakı ona dayaqdır», «İsmayıllı yatmayıb, qeyrətini satmayıb» şüarları ilə başlayıb. Onlar «Sahil bağı»nda yürüş ediblər. Polislər aksiyaçıları ərazidən sıxışdırırlar.
 
***

Polis jurnalist Şahvələd Çobanoğlunu saxlayıb və buna jurnalistin əynində üzərinə PRESS sözü yazılmış xüsusi gödəkcənin olmamasını əsas göstərib.

***

Aksiyanın təşkilatçılarından olan Emin Milli polisə yaxınlaşaraq, onları da aksiyaya qoşulmağa dəvət edib. Polis isə onu saxlayıb. Bu zaman onu polislər saxladı. Yaxınlıqdakı avtobusa apardılar. AzadlıqRadiosunun müxbiri həmin avtobusda 30 nəfərə yaxın aksiya iştirakçısının saxlandığını xəbər verir. Saxlananlar arasında Nərgiz Yaqublu, İntiqam Əliyev və AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı da var.

***

Hüquq müdafiəçisi Məlahət Nəsibova da saxlandı. O polislərə izah etdi ki, aksiyanı müşahidə etmək üçün Naxçıvandan gəlib və o, aksiyada iştirak etmir. Amma buna polis əhəmiyyət vermədi və onu polis maşınına doğru apardılar.

15:50

Aksiyada araşdırmaçı jurnalist Xədicə İsmayıl da saxlanılıb. O, aksiyada jurnalist kimi yox, vətəndaş kimi iştirak etdiyini bildirir:

«Mən və daha bir neçə nəfər bizi «UAZ»la Xətai rayon 37-ci polis bölməsinə aparırlar. Polis bizə qarşı zorakı davrandı və hamımızı zorakılıqla maşına mindirdilər».

16:02

Aksiya bulvarda davam edir.

16:07

Aksiya «Park Inn» otelinin qarşısında, «Park Bulvar» Mərkəzi ətrafında davam edir. Polis səsgücləndiricilərlə aksiyaçıları dağılışmağa çağırır.

16.10.

Polislər bulvarda çoxalmağa başlayıblar. Aksiya iştirakçıları yenidən parakəndə qruplara ayrılıblar.

16.12.

Aksiya başa çatmış kimi görünür. Saxlanılanlar polis bölmələrinə aparılıb. Fəallar polislərin çox olduğu yerdən dağılışıblar. Təxminən 80 nəfərin saxlanıldığı bildirilir.