Foto 14:01 28.04.2018

"Tramp Tower"dəki yanğın söndürüldü (FOTO/VİDEO/YENİLƏNİB)

Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli iş mərkəzində baş verən yanğın söndürülüb. 

Qaynarinfo Report-a istinadən xəbər verir ki, yanğın zamanı binanın çöl hissəsinə vurulan plastik üzlüklər yanıb.  
 
Fövqəladə Hallar Nazirliyi Bakıda çoxmərtəbəli iş mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb. 
 
***13:31

Qaynarinfo xəbər verir ki, xəbərinə görə, nazirlikdən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib. 

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir. Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

"Report"un məlumatına görə, çoxmərtəbəli iş mərkəzində başlayan yanğın binanın aşağı mərtəbələrinə doğru yayılıb. 

Hələlik yanğının qarşısını almaq mümkün olmur. 

Hadisə yerinə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov da gəlib.  

***13.16
 
"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, yanğın getdikcə güclənir və binanın xeyli hissəsinə yayılıb.

Hadisə yerinə 6 yanğınsöndürən briqada cəlb olunub. 

Yanğın yerinə fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib. 

***12.44

Bakıda əvvəllər "Tramp Tower” kimi tanınan binada yanğın başlayıb. 

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində baş verdiyi bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.