Ölkə 20:54 25.01.2013

Bakıda kriminal aləmin "pul kisəsi" həbs edildi

Bakının Binəqədi rayounda kriminal aləmdə böyük nüfuza sahib olan şəxs tutulub. Rayon Polis İdarəsindən (RPİ) Milli.Az-a verilən məlumata görə, həmin şəxs Bakı şəhər sakini, 61 yaşlı Qurban Dəmirovdur. Ondan 7,62 millimetrlik “Naqan” baraban tipli tapança və 3 ədəd patron götürülüb. 

Q.Dəmirova qarşı əməliyyatı Binəqədi RPİ cinayət-axtarış şöbəsi əməkdaşları keçiriblər. 

İstintaqa ifadə verən Q.Dəmirov silahı 1992-ci ildə Füzuli rayonu ərazisində döyüşən zaman səngərdən tapdığını deyib. Onun sözlərinə görə, silahı üstündə gəzdirmək üçün saxlayırmış.


Kriminal aləmdə böyük nüfuza sahib olan Q.Dəmirov “obşak”a baxırmış. Əvvəllər biri qəsdən adamöldürmə olmaqla 3 dəfə məhkum olunub. Q.Dəmirov Qarabağ müharibəsi veteranıdır və birinci qrup əlildir.

 

Onu da əlavə edək ki, “obşak” kriminal aləmin maliyyə vəsaitinin cəmləşdiyi və sərt nəzarət altında olan “ümumi büdcədir”.