Nəsimi rayon Polis İdarəsnin 22-ci polis bölməsinin əməkdaşları Mirəli Qaşqay küçəsində 7 saylı binanın qarşısından ölü tapılmış kişinin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər.
Bu barədə Vesti.Az-a Nəsimi rayon 22-ci polis bölməsindən bildiriblər. Məlumata görə, barmaq izləri şəxsiyyətin müəyyənləşdirilməsi üçün DİN-nin Ekspert-kriminalistika idarəsinə verilib. Güman olunur ki, kişi bundan əvvəl həbsdə yatıb. Belədirsə, o zaman nazirliyin kartotekasında onun barmaq izləri olmalıdır.
Kişinin təxminən 35-40 yaşı var. Boyu 170-173 sm təşkil edir. Onun sağ əlinin biləyində "Rauf”, baş barmağında "Elton” adları yazılıb. Sol əlinin orta barmağındakı üzük işarəsi onun oğru dünyasında müəyyən yer tutduğundan xəbər verir. Sağ əlininin içəri tərəfindən "Ata-Ana” yazılıb.
Kişinin alt paltarı təmiz olub. Geyimi də təmiz olduğu üçün onun avaralıq etməsi ("bomj”) variantı nəzərdən keçirilmir.
Mərhumun ayağında ayaqqabı olmayıb. Polislər ayaqqabıları yoldan keçən "bomj”un oğurlaya biləcəyini istisna etmirlər.
Maraqlıdır ki, barmağa vurulmuş üzük tatusu hər iki tərəfdən üç şüanın çəkildiyi tac dişləri ilə əhatəyə alınıb. Oğru dünyasının qaydalarına görə, tac bu şəxsin həbsxanada avtoritet olmasından, üç şüa isə üç dəfə dustaq həyatı yaşamasından xəbər verir.
"Rauf” və "Elton” adlarına gəldikdə isə, onların mərhumun kamera yoldaşları olduğu güman edilir.
İlkin məlumatlara görə, kişi beyinə qan sızmasından ölüb.
Qaynar.info
Şərhlər