Foto 19:04 02.07.2018

Bakıda məşhur çay evinin müştəriləri hərəkətə belə mane olur (FOTOLAR)

Xətai rayonu, İzzət Orucov küçəsində yerləşən "Nəlbəki” çay evinin qarşısındakı yolun hərəkət hissəsində avtomobillərin düzgün park edilməməsi narazılıqlara səbəb olub.

Şikayətçilərin Open.az-a verdiyi məlumata görə, avtomobillər həmin çay evinə gələn müştərilərə məxsusdur. Saytımızın əməkdaşları adıçəkilən əraziyə baş çəkib.

"Nəlbəki” çay evinin meneceri bildirib ki, onlara qeyd edilən problemlə bağlı şikayət daxil olmayıb: "Bu ərazidə bizim park yerimizdən kənarda saxlayanların heç biri bizim müştəri deyil. Özünüz də görürsüz ki, məkanda cəmi iki müştəri var. Burada olan bu qədər maşının bizə aid olmadığını izah etməyə ehtiyac yoxdur. Biz özümüz də harada gəldi saxlayanlara, hərəkətə mane olanlara etirazımızı bildiririk. Etiraz etdiyimiz sürücülər ya bu binada yaşadıqlarını, ya kimisə gözlədikləri deyirlər. Özümüzün avtomobil dayanacağımız var və burada saxlayanlar heç bir hərəkət iştirakçısına mane olmur. Biz yerləşməyən avtomobil sahiblərinə binanın altındakı pullu dayanacaqda saxlamağı məsləhət görürük. Bu işlərə nəzarət edən işçimiz də var. Yolun kənarında dəmirlər qoymuşuq ki, gətirib məkanın qabağında saxlamasınlar”.

Nəqliyyat və yol təhlükəsizliyi məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında” qanunda nəzərdə tutulmuş qadağan olunan yerlər var: "Qanunun 3.27 (dayanmaq qadağandır) və 3.28 nişanılarının (durmaq qadağandır) tətbiq edildiyi ərazilərdə parklamaq olmaz. Qalan yerlərdə olar. Nişanın tələbini pozan sürücü 20 manat məbləğində cərimə edilir”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, İzzət Orucov küçəsində 100-dən artıq sürücüyə protokol yazılıb: "Əməkdaşlar hər gün ərazilərdə xidmət aparır və çatışmazlıqlar aşkarlanarsa, inzibati qaydada funksional vəzifələrini yerinə yetirir. Əgər ərazidə dayanmaq-durmaq qadağandır nişanı varsa və sürücülər buna əməl etmirsə, inzibati xəta törədir. Bu gün vacib deyil ki, polis əməkdaşları 24 saat o yerlərdə olsun. Texniki vasitələrin hesabına hər şey yüksək səviyyədə təşkil edilir. Belə olan halda niyə sürücülərimiz qadağan olan yerlərdə maşınlarını saxlayıb, digər hərəkət iştirakçılarına mane olurlar?".