Dünən gecə Bakıda "Le Chateau Music Bar"da proqressiv musiqisevərlər bir araya toplaşıblar. 

"Qaynarinfo" xəbər verir ki, səhnəyə əvvəlcə Bakı rok səhnəsinin "dördüncü dalğa" musiqiçilərindən ibarət "Free From Four" qrupu çıxıb. Qrup öz eksperimental proqressiv "fyujn" janrındakı bir saatlıq çıxışı ilə musiqisevərlərə maraqlı gecə yaşadıb. 

Qeyd edək ki, "Free From Four" qrupu Ali Nasib, Hafiz Baxış və Anar Abdullayev "trio"sundan ibarətdir. Qrup deyir ki, musiqi ideyalarını reallaşdırmaq üçün vaxt və xüsusilə müvafiq adamlar lazımdır. Qrupun yaradıcısı və zərb alətləri ifaçısı Əli Nəsib "Bu gün demək olar ki, hər şeyimizin ortaq olması xoşbəxtlikdir" deyib.



"Free From Four" qrupundan sonra isə səhnəyə Gürcüstandan David Datunaşvili və İrakli Abramaşvili çıxıb. Onların çıxışı biraraya toplaşan psixodelik proqressiv musiqisevərlərin heyrətini bir nöqtəyə cəmləyib. 

Musiqiçilər əməkdaşlığa 2014-cü ildə başlayıblar. Həmin tarixdən indiyədək qrup iki albom çıxarıb və müxtəlif tədbirlərdə çıxış edib. Onlar öz çıxışlarında eksperimental janrda improvizasiyalar, küy, ambient, minimalist və ritmik elementlərdən istifadə edirlər. Qrup canlı çıxışlarda daha çox gitaralardan, əlavə olaraq elektronik musiqi alətləri və müxtəlif səsyazmalardan istifadə edir.







Sultana Əhmədbəyli
Qaynarinfo.Az