Ölkə 18:29 30.01.2013

BAKIDA QARA BAYRAQ ETİRAZI (FOTOLAR)

Bakının Cavanşir küçəsində yerləşən Tağıyev adına kombinatın 4 saylı yataqxanasının sakinləri yanvarın 30-dan öz eyvanlarından qara bayraqlar asaraq etiraz aksiyasına başlayıblar.

“Turan”ın məlumatına görə, hüquq müdafiəçisi Ələkbər Məmmədov yanvarın 30-da keçirdiyi mətbuat konfransında bildirib ki, yataqxanada yaşayan 80 ailə artıq qəzalı binada qala bilmir: “Amma onlara yeni mənzillər verilmir. Heç kim onların şikayətinə məhəl qoymur. Bu il sakinlər baş nazirin müavini Abid Şərifovla görüşmüşdülər. O, bir ay ərzində problemin həll olunacağını vəd etmişdi, lakin bu baş vermədi”.

Ələkbər Məmmədovun sözlərinə görə, Xətai Rayon İcra Hakimiyyətindən sakinlərə deyiblər ki, sizə bir şərtlə mənzil veriləcək ki, şikayət etməsinlər.

Hüquq müdafiəçisi qeyd edib ki, yataqxananın sakinləri binaya baxış keçirmək üçün ekspert tutublar. Ekspert deyib ki, 3,5 bal gücündə zəlzələ olsa, bina uçacaq və təmiri də mümkün olmayacaq.

Ələkbər Məmmədov sakinlərin Prezident Administrasiyasının qarşısında piket keçirmək niyyətində olduqlarını da söyləyib.

2000-ci ilin noyabrında Bakıda baş vermiş zəlzələdən sonra Tağıyev adına kombinatın 4 saylı yataqxanası yararsız vəziyyətə düşüb. Paytaxtın icra hakimiyyəti yataqxanada yaşayan 160 ailə üçün yeni binanın tikintisi məqsədilə 40 sot ərazi ayırıb. 18 mərtəbəli, 432 mənzildən ibarət ev tikilib. Lakin binaya yalnız 80 ailə köçürülüb. Qalan 80 ailə hələ də yataqxanada qalır.