Ölkə 09:35 08.05.2013

Bakıda qatar yük maşını ilə toqquşdu

Mayın 7-də axşam saat 23.00 radələrində Bakıda sərnişin qatarı yük maşını ilə toqquşub.

Hadisə Pirşağı-Kürdəxanı xəttinin 29-cu kilometrində baş verib.
 
Bakıdan Moskvaya hərəkət edən qatar yolu keçən yük maşını ilə toqquşub.
 
ANS PRESS-in məlumatına görə, yük maşını tikinti materialları ilə dolu olub. Toqquşma o qədər güclü olub ki, qatar yük maşınını sürüyüb aparıb.

Bakı-Moskva qatarının 10-a yaxın sərnişini xəsarət alıb. Əraziyə çağırılmış təcili tibbi yardım briqadasının həkimləri xəsarət alan sərnişinlərə yardım ediblər.

Yük maşınının sürücüsü Habil Quliyevin vəziyyəti ağır olduğundan, 3 saylı şəhər xəstəxanasından Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə İnstitutuna aparılıb.

Hadisə yerinə aidiyyatı qurumlar cəlb olunub. Polis hadisə yerində araşdırma aparır. Qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qaynar.info
 

 


APA