Ölkə 12:46 17.10.2013

Bakıda qətlə yetirilən məmur oğlu ilə bağlı yeni xəbər

Dünən Binəqədi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı başlanmış cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğunda aparılacaq.

Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, işlə bağlı toplanmış materiallar şəhər prokurorluğuna göndərilib. 

Hazırda iş üzrə araşdırmalar davam etdirilir, ekspertizalar təyin edilib.

Oktyabrın 16-da Bakı şəhərinin Binəqədi rayonu ərazisində törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar məlum olub. Binəqədi rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin kadr, dövlət qulluğu və qurumlarla iş şöbəsinin müdiri Natiq Məlikovun oğlu 22 yaşlı Əli Məlikovu qətlə yetirən 26 yaşlı Tural Əliyev hadisə vaxtı daha iki nəfərə ağır xəsarət yetirib.

Məlumata görə, hadisə Binəqədi şosesində, Binəqədi DYP-nin binasının arxasında baş verib. T.Əliyev 20 yaşlı Baxşıyev Elçin Qılıncxan oğlunu, 22 yaşlı Fərzəliyev Seymur Şamil oğlu və 22 yaşlı Məlikov Əli Natiq oğlunu bıçaqlayıb. Hər 3 şəxs xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Ə.Məlikovun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət almış digər iki şəxsin də iş adamlarının övladı olduğu bildirilir.

Qaynar.info