Sağlamlıq 17:46 26.04.2018

Bakıda “Reproduktiv sağlamlıq və sonsuzluq” mövzusunda beynəlxalq konfrans keçiriləcək (FOTOLAR)

"Hər bir dövlətin əsas məqsədi sağlam nəsil formalaşdıra bilmək və bu yolda müxtəlif işlər görməkdir. Reproduktiv sağlamlığın qorunması bəşəriyyətin ən ümdə problemidir. Ona görə Azərbaycanda da bu problemin aktuallığını nəzərə alaraq və qardaş Türkiyənin reproduktiv sağlamlığın qorunması naminə yığdığı təcrübəni öyrənmək məqsədilə "Türkiyə Reproduktiv Tibb Cəmiyyəti”nin ("Turkish Society оf Reproductive Medicine”) səyi və "Baku Medical Plaza”nın dəstəyi ilə mayın 4-də və 5-də Bakıda "Boulevard Hotel”də beynəlxalq konfrans təşkil etmək qərara alınıb”.

Bu sözləri tanınmış cərrah mama-ginekoloq, professor Mehman Həmzəyev söyləyib. O, bildirib ki, bu konfransda sonsuzluğun düzgün müalicə olunması üçün gənc həkimlərə və mütəxəssislərə mesajlar veriləcək:

"Bura Azərbaycanın və Türkiyənin ən qabaqcıl tibb mütəxəssisləri toplanacaq. Biz apardığımız müalicələrdə hansı səhvləri buraxırıq? Onları necə aradan qaldırmaq olar? Problemsiz və sağlam hamiləliyə necə nail olmaq olar? Hansı texnologiyalardan istifadə etmək vacibdir? və s. reproduktiv sağlamlıq və sonsuzluq mövzusunda ən aktual sualların cavablarını tapmağa çalışacağıq. Bu mövzularda disskussiyalar aparılacaq. Eyni zamanda həkimlərimizə laparoskopiya, histereskopiya və s. barədə masterklasslar keçiriləcək, həmçinin praktik vərdişlərə başlanacaq. Nəticədə Azərbaycan və Türkiyənin cərrah mama-ginekoloqları reproduktiv sağlamlığın qorunması naminə ən müasir texnologiyaları və ən uyğun müalicə metodlarını öyrənəcəklər”.

Qeyd edək ki, konfransda androloji kurs üzrə Türkiyədən və Azərbaycandan olan mütəxəssislər Serdar Günalp, Esat Orhon, Tansu Küçük, Berrin Avcı, Başak Balaban, Serkan Akdemir, İlham Əhmədov, perinatologiya kursu üzrə Sabahattin Altunyurt, İbrahim Kalelioğlu, Erkan Çağlayan, Azər Fərəc və digərləri, ginekologiya və süni mayalandırma üzrə Ahmet Zeki İşık, Kamil Gökhan Acar, Elnurə Mustafayeva, Mehman Həmzəyev və başqaları iştirak edəcəklər. Növbəti konfrans günü isə mütəxəssislər ovulyasiya induksiya kursu və sonsuzluq müalicəsində histereskopiya, laparoskopiya barədə öz bilgilərini bölüşəcəklər. Konfransın Bakıda təşkil olunmasında Baku Medikal Plazanın rəhbərliyinin və dr.Celalettin Örnek, dr.Elnurə Mustafayeva, dr.Mehman Həmzəyev və digər həkimlərinin əməyi danılmazdır.

Konfransda arzu edən hər bir kəs iştirak edə bilər. Konfrans ödənişlidir və yerlər məhduddur.

Əlaqə: Nigar Abdullayev +994 55 592 07 82, [email protected] Ali Kadir Izberk +90 532 136 1914, [email protected]