Video 20:52 30.12.2018

Bakıda təmir olunan yol yenidən çökdü (VİDEO)

Təmir aparıldıqdan sonra çökən yolda bu gün eyni hal təkrarlanıb. Söhbət Xətai rayonu Nobel prospektindən gedir. Məsələ burasındadır ki, bu yolun çökən hissəsində təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən yol qəzaları baş verir. 

Öndəki avtomobilin sürücüsü əyləci sərt basdığından arxadakı atomobil onu vurur və qəza baş verir. Buna səbəb isə birinci avtomobilin sürücüsünün yolun çökən hissəsinə düşməkdən qorunmaq istəməsidir. Əslində isə yolun çökən bu hissəsində vaxtında aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbiri görülsəyidi nə yol qəzası baş verərdi, nə də ki avtomobillər üçün təhlükə yaranırdı.

Bura paytaxtın Xətai rayonu Nobel prospektidir. Ərazidə bir neçə gündür ki, çökmə baş verib. Avtomobil Yolları Dövlət Agentliyinin və Azərsu Açıq Səhimdar Cəmiyyətinin əməkdaşları həmin ərazini qazıb müəyyən işlər görərək sonradan yola asfalt örtüyü vurmuşdular. Bu gün isə həmin hissə yenidən çöküb.

Maraqlı məqam ondan ibarətdir ki, Nobel prospektindən üzü şəhər istiqamətinə hərəkət edən avtomobillərin sürücüləri yolda heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən çökən hissəni görməyərək yoldakı çalaya düşməmək üçün sərt tormoz verməli olurlar. Bu zaman isə arxadan gələn maşınların qabaqdakı avtomobili vurmaq risqini artırır.

Elə çəkiliş zamanı həmin ərazidə 6-a yaxın avtomobilə ciddi zərər dəyəməsi ilə nəticələnən yol qəzası baş verib. Bəzi avtomobillər isə çökən hissəyə düşərək yollarına davam edirdilər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlayandan sonra əraziyə qurumun əməkdaşları gələrək yolda təhlükəsizlik tədbirlərinin görməsinə başlayıb. Qeyd edək ki, verilən açıqlamda yolun çökməsinə səbəb kimi su sızması göstərilir.
 
Mənbə: Xəzər TV