Ekonomiks 20:16 21.01.2015

Bakıda torpağın da qiyməti ucuzlaşdı

Son vaxtlar Azərbaycanın daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. Ev və torpaq alqı-satqısında artım demək olar ki, gözə dəymir. Ekspetlər bunu Rusiya amili və dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə əlaqələndirirlər.

Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bildirdi ki, aparılan monitorinqlər nəticəsində mənzil bazarında qiymət azalması müşahidə olunsa da, torpaq bazarında qiymətin aşağı düşməsi ciddi hiss edilmir: “Hazırda mənzil bazarında müəyyən qədər azalmalar müşahidə olunsa da, paytaxtın əksər əraziləri üzrə torpağın qiyməti sabit qalır".

 
İqtisadçı ekspert Vüqar Bayramov isə deyir ki, paytaxtın əmlak bazarında qiymət azalmaları, torpaq bazarında da qiymətlərin aşağı düşməsinə gətirib çıxarıb. Qiymət azalması torpaq bazarında daşınmaz əmlak bazarına nisbətən daha az müşahidə edilir: “Torpaq bazarında qiymət azalmaları daşınmaz əmlak bazarına nisbətən daha aşağı səviyyədədir. Baxmayaraq ki, torpaq bazarında müəyyən durğunluq müşahidə edilməkdədir. Amma əmlak bazarından fərqli olaraq torpaq bazarında tələbat daha çoxdur. Bu da onunla bağlıdır ki, paytaxtda aparılan söküntü işləri ilə bağlı verilən kompensasiya nəticəsində mənzil almalı olan şəxslərin böyük bir hissəsi torpaq alaraq ev tikməyə üstünlük verirlər. Yəni torpaq bazarında tələb formalaşır. Buna baxmayaraq, bütövlükdə tələbin azalması müşahidə olunur və torpaq bazarında nisbətən qiymət azalmaları var.”  V. Bayramov daşınmaz əmlak və torpaq bazarında olan qiymətlərin azalması dinamikasına da toxunub: “Ötən ilin yekunlarına baxanda aylıq qiymət azalması daşınmaz əmlak bazarında 5 faizə yaxın olmuşdusa, bu, torpaq bazarında 2 faiz təşkil edir. Bu onu göstərir ki, azalmalar var. Amma bu bazarda azalma daha aşağı templə müşahidə olunmaqdadır".


O, qeyd etdi ki, bu proseslər əsasən neftin dünya bazarında qiymətinin aşağı düşməsi, Rusiya iqtisadiyyatında müşahidə edilən durğunluq, Azərbaycana göndərilən vəsaitlərin azalması fonunda baş verir: “İstər torpaq bazarında, istərsə də əmlak bazarında qiymət azalmalarının bundan sonra da davam edəcəyi proqnozlaşdırılır. Güman olunur ki, ötən ilin son 3 ayında torpaq və əmlak bazarında müşahidə edilən durğunluq və qiymət azalmaları 2015-ci ilin növbəti aylarında da davam edəcək.”
 
Ekspert onu da əlavə etdi ki, bahalı torpaq sahələrinin qiymətlərində azalmalar daha çoxdur. Bu, o deməkdir ki, Bakının mərkəzi hissələrində torpaqların qiymətindəki azalma Bakının kənar hissələrinə nisbətən daha sürətlə müşahidə edilir. Neftin qiymətində, eləcə də Rusiya iqtisadiyyatında dəyişiklik olmayacağı təqdirdə azalmalar bundan sonra da davam edəcək: “Əmlak bazarında bu il 9, torpaq bazarında isə təxminən 5 faizə yaxın qiymətlrin ucuzlaşacağı proqnozlaşdırılır".//Analitik.az

Qaynar.info