Ölkə 20:45 17.10.2013

Bakının baş planının bilinməyən detalları


Uzun müddətdir ki, haqqında danışılan Böyük Bakının Regional İnkişaf Planı təsdiqlənəndən sonra, onun gerçəkləşdirilməsi nəticəsində gələcək paytaxtda bir sıra dəyişikliklər olacağı gözlənilir. "Bakının Regional İnkişaf Planı” layihəsinin rəhbəri Novruz Eldarlı Modern.az-a bildirib ki, Böyük Bakı ərazisində qarşıdakı 25-30 il ərzində əsasən struktur dəyişiklikləri olmalıdır.

"Bu məsələnin üstündə mən daha ətraflı dayanmaq istərdim. Bildiyiniz kimi, Bakı şəhərində istər 20 il öncə, istərsə də 40 və 60 il öncə cəmi bir və yeganə mərkəz mövcud idi. Bu o deməkdir ki, Bakının əhalisi 0,7 milyon olanda mərkəz 1000 ha idi. Amma daha sonralar əhali 0,9 milyona, 1,7 milyona, 2 milyona çatdı, hazırda isə 2,3 milyon nəfərdir, amma paytaxtda yenə də 1000 ha sahəsi olan ərazi mərkəz hesab edilir. Ona görə də gələcəkdə Bakı şəhərində mütləq yüksək şəhərsalma və memarlıq səviyyəsində olan əlavə mərkəzlər yaradılmalıdır. İkincisi, ən vacib torpaqdan istifadə mütləq layihələndirilmiş və təsdiqlənmiş müfəssəl planların əsasında olmalıdır”.

"Bakının Regional İnkişaf Planı”na əsasən, universitetlərin Bakıdan kənara köçürülməsinin də nəzərdə tutulduğunu deyən Novruz Eldarlının sözlərinə görə, ali məktəblərin şəhərinin mərkəzi hissəsində qalması həlli vacib problemlərindən biridir.

"Azərbaycanda 54 ali təhsil ocağı mövcuddur. Onlardan 46-sı Böyük Bakı ərazisindədir, 44 universitet isə (81,5%) Məxsusi Bakı ərazisində yerləşir. Bu "anormal” mərkəzləşmə Böyük Bakıya əlavə və böyük problemlər gətirir. Əlbəttə,  mövcud universitetlərin sıxlığını aradan qaldırmaq - layihəmizin vəzifələrdən biridir”.

Paytaxtın mərkəzi hissələrinin də dəyişəcəyini deyən layihə rəhbəri bildirib ki, Böyük Bakı ərazisinin bugünkü şəhərsalma problemlərindən biri qeyri-bərabər sıxlığın olmasıdır. Odur ki, bu probleminin aradan qaldırılması üçün əlavə mərkəzlərinin yaradılması planlaşdırılır. Onun sözlərinə görə, "Böyük Bakının Regional İnkişaf Planı” layihəsində "Desentralizasiya” əsas konsepsiya kimi qəbul edilib və mütəxəssislər paytaxtda yeni mərkəzlərin yaradılmasına qərar  veriblər. Plana görə, Məxsusi Bakı ərazisi (Bakı amfiteatrı) mərkəzi biznes rayonu, Sumqayıt və Ələt – urbanizasiya şəhərləri, Xırdalan və Sabunçu alt-mərkəzlər, Lökbatan, Zığ, Sanqaçal, Müşfiqabad, Novxanı, Maştağa, Şüvəlan, Türkan və Hövsan yerli mərkəzlər olacaq.

Yeni Baş plana əsasən, "Xutor”da 88 ha, "Kubinka”da 46 ha, şəhərin mərkəzindəki "Beşmərtəbə” adlanan zonada 85 ha, "20-ci sahə”də 800 ha və pərakəndə tikililərin olduğu digər ərazilər böyük söküntüyə məruz qalacaq.

Böyük Bakının Regional İnkişaf Planı”na əsasən, "Qara Şəhər” adlanan yerdə fəaliyyət göstərməyən sənaye müəssisələrinin ləğv edilməsi və  boşaldılmış ərazinin məskunlaşma üçün mənimsənilməsi də nəzərdə tutulur.

Novruz Eldarlının dediyinə görə, təkcə adı çəkilən ərazilər yox, ümumiyyətlə Böyük Bakıda, o cümlədən Bakının özündə abadlaşdırma və yenidənqurma tələb olunan ərazilər çoxdur.

"Təəsüf ki, 1920-1990-cı illərdə mövcud olan sovet hakimiyyəti, "problemli” ərazilərə diqqət yetirmirdi. Sevindirici haldır ki, bu gün Azərbaycan hökuməti böyük imkanlara malik olaraq, həmin "problemli” ərazilərini abadlaşdırılması, regenerasiyası və rekonstruksiyasını planlaşdırır. Ümumiyyətlə, deyim ki, gələcəkdə bütün mütəşəkkil planlaşdırma olmayan qəsəbələr və şəhər əraziləri abadlaşdırılmalıdır. Bu o deməkdir ki, yüksək səviyyədə yollar salınmalı, mühəndis şəbəkələrdə rekonstruksiya aparılmalı, sosial infrastruktur yaradılmalıdır. "Böyük Bakının Regional İnkişaf Planı” layihəsində tez-tez qəbiristanlıqların köçürülməsi məsələsi hallanır. Amma onu deyim ki, plan çərçivəsində Bakı şəhərinin ərazisində mövcud olan qəbiristanlıqlarını köçürülməsi nəzərdə tutulmur”.

Xatırladaq ki, Bakının ilk Baş Planı 1898-ci ildə o dövrün məşhur memarı N.A.fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Qaynar.info